Bakı. Trend:
Azərbaycanda banklar istehlak kreditləri götürən müştərilərə işsizlikdən sığorta məhsulunu təklif etməyə məcbur olacaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bununla belə, sığortadan yararlanmaq müştərinin öz seçimindən asılı olacaq: "Yeni mexanizmin istehlak kreditləri üzrə risklərin azaldılmasına xidmət edəcəyi gözlənilir".
O qeyd ki, istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin tətbiqi istiqamətində müvafiq qaydalar hazırlanır və tənzimləyici dəyişikliklər həyata keçirilir. Bu istiqamətdə işlərin ilin sonunadək yekunlaşdırılması gözlənilir.
“İstehlak kreditləri üzrə risklərin azaldılmasına xidmət edən alətlərdən biri də sığortadır. Hazırda bu istiqamətdə qaydalar hazırlanır. Nəzərdə tutulan mexanizmə əsasən, banklar müştərilərə müvafiq sığorta məhsullarını təklif etməli olacaqlar. Bununla belə, sığortadan istifadə müştərinin seçimindən asılı olacaq”, - deyə Ş.Mahmudzadə qeyd edib.
Onun sözlərinə görə, bu sığorta mexanizmi iş yerinin itirilməsi və qaydalarda nəzərdə tutulan digər hallar zamanı müştərilərin maliyyə risklərindən qorunmasına kömək edə bilər. Beləliklə, sığorta istehlak kreditləri üzrə risklərin azaldılmasına və bank sektorunun dayanıqlığının gücləndirilməsinə töhfə verəcək.
