Əsas hədəfimiz məhsuldarlığın və fermer gəlirlərinin artırılmasıdır - Məcnun Məmmədov

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 10:41 (UTC +04:00)
Əsas hədəfimiz məhsuldarlığın və fermer gəlirlərinin artırılmasıdır - Məcnun Məmmədov
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın aqrar sahədə əsas hədəfi məhsuldarlığın və fermer gəlirlərinin artırılması, kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, məqsəd yalnız istehsalı artırmaq deyil, resurslardan səmərəli istifadə edən, dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır.

“İnnovasiyalar elmi tədqiqatlardan real təsərrüfata tətbiq olunduqda, fermerlərin üzləşdiyi çətinliklərin həllinə və gəlirlərinin artmasına xidmət etdikdə öz həqiqi dəyərini göstərir. Azərbaycan aqrar sektorun inkişafına məhz bu yanaşma ilə istiqamət verir”, – deyə o vurğulayıb.

M.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş müvafiq Dövlət Proqramı aqrar sahənin 2026–2030-cu illər üzrə inkişafının strateji istiqamətlərini müəyyənləşdirir. Proqramda resurslardan səmərəli istifadə, rəqəmsallaşma, rəqabətqabiliyyətli və iqlimə davamlı məhsul istehsalı, intensiv təsərrüfatçılığın inkişafı prioritet kimi nəzərdə tutulur.

Onun sözlərinə görə, süni intellektin, məlumatlara əsaslanan təhlil və erkən xəbərdarlıq sistemlərinin tətbiqi bu məqsədlərə çatmaqda mühüm rol oynayır. Aqrar transformasiyanın uğuru həmçinin fermerlərin bilik və bacarıqlarının artırılmasından, müasir həllərə çıxışının genişləndirilməsindən və kiçik təsərrüfatların innovasiyalardan faydalanmasından asılıdır.

Nazir əlavə edib ki, emal, saxlanma və logistika infrastrukturunun inkişafı məhsul itkilərinin azaldılmasına, əlavə dəyərin və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla və qabaqcıl aqrar təcrübəyə malik ölkələrlə texnologiya və bilik mübadiləsi, birgə tədqiqatlar əsas prioritetlərdəndir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti