Bakı. Trend:
Bəzi avtobuslar “20 Yanvar” metrostansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə yerləşən dayanacaq məntəqəsindən çıxarılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Belə ki, metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.
Bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) təyin edilib.
500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun “20 Yanvar” stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir.
Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki “2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Qeyd edilib ki, şəhərin müxtəlif istiqamətlərindən “20 Yanvar” metrostansiyasına və “Şamaxinka” adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud “Şamaxinka”da “Alov zavodu” ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud “Şamaxinka” adlanan ərazidəki (“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.
