Bakı.Trend:
Fransanın Baş naziri Sebastyan Lekornyu həftəsonu yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilməsi gözlənilən kütləvi etiraz aksiyaları ilə əlaqədar böhran qərargahının iclasını keçirəcək.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
İclasda Baş nazirin kabinet rəhbərləri, daxili işlər naziri, eləcə də hökumətin digər aidiyyəti üzvləri iştirak edəcəklər. Əvvəlcə daxili işlər naziri Loran Nünyez regional prefektlər və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədən sonra müvafiq qərargahın yaradılması təklifi ilə hökumət başçısına müraciət edib.
Nazir cümə günü səhər “France 2” telekanalının efirində çıxışı zamanı nümayişlərin keçirilməsi ilə bağlı təxminən 250 çağırış barədə məlumatının olduğunu və 80-ə yaxın etiraz yürüşünün gözlənildiyini bildirib. Lakin bir neçə saat sonra Fransa mediası Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən hüquq-mühafizə orqanlarının artıq təxminən 500 aksiya və 90-dan çox etiraz yürüşü gözlədiyini, üstəlik, onların heç də hamısının hakimiyyət orqanları ilə razılaşdırılmadığını bildirib.
Daxili İşlər Nazirliyi xüsusilə Parisdə və digər iri şəhərlərdə keçiriləcək yürüşlər zamanı, ifrat solçu fəalların fəal iştirakı ilə iğtişaşların baş verə biləcəyini gözləyir. Bununla yanaşı, Paris polisinin prefekti Patris For oktyabrın 16-da bildirib ki, həmkarlar ittifaqlarının da iştirak edəcəyi qarşıdakı nümayişin yekun marşrutu hələ razılaşdırılmayıb.
BFMTV telekanalının məlumatına görə, etiraz hərəkatına müxtəlif peşə və ictimai qrupların nümayəndələri, o cümlədən taksi sürücüləri, tibb işçiləri, inşaatçılar, həmkarlar ittifaqlarının fəalları, yuxarı sinif şagirdləri və əvvəllər “sarı jiletlilər” hərəkatında iştirak etmiş şəxslər də qoşula bilərlər.
