Bakı. Trend:
Quba rayonunda Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çinarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib ki, qanun layihəsi yalnız bələdiyyələrin adlarının dəyişdirilməsi ilə bağlı texniki-hüquqi məsələ deyil, həm də xalqın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir. Onun sözlərinə görə, bu, milli kimliyin qorunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir.
Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində milli irsin qorunması, tarixi toponimlərin bərpası və coğrafi adların milli kimliyə, tarixi köklərə uyğunlaşdırılması mühüm yer tutur. Bu istiqamətdə görülən işlər ardıcıl və sistemli xarakter daşıyır, qanunvericilik səviyyəsində tənzimlənərək müvafiq hüquqi aktlarla təsbit olunur.
O vurğulayıb ki, coğrafi adlar yalnız yaşayış məntəqələrini bir-birindən fərqləndirən adlar deyil, xalqın tarixini, yaddaşını, mənəvi dünyasını və milli mənsubiyyətini özündə yaşadan mühüm dəyərlərdir.
“Tarixi adların bərpası milli yaddaşın qorunması, tarixi-mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır”, - deyə deputat bildirib.
Siyavuş Novruzov bu siyasətin əhəmiyyətinin xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aydın göründüyünü qeyd edib. O bildirib ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi zəfərlə yanaşı, milli toponimlərin bərpası istiqamətində də mühüm addımlar atılıb.
Deputat Madagiz kəndinə Suqovuşan adının qaytarılmasını, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Tuğ kəndinin Hünərli, Xocalı rayonunun Quşçubaba kəndinin isə Baharlı adlandırılmasını milli irsə sahib çıxmağın və tarixi ədalətin bərpasının nümunələri kimi göstərib.
Onun sözlərinə görə, bu faktlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına və tarixi yaddaşın yaşadılmasına da xüsusi önəm verdiyini təsdiqləyir.
Siyavuş Novruzov bildirib ki, hazırda bu siyasət respublikanın bütün bölgələrində ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə atılan addımlardan biri də Quba rayonunun bir sıra yaşayış məntəqələrinin adlarının milli toponimik ənənələrə uyğunlaşdırılmasıdır.
O xatırladıb ki, Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanuna əsasən, Vladimirovka kəndinin adı Elbəyi, Alekseyevka kəndinin adı Çinarlı, Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdirilib.
Deputatın sözlərinə görə, yerli sakinlərin və bələdiyyələrin təşəbbüsləri, eləcə də Milli Məclis yanında Toponimiya Komissiyasının müsbət rəyi əsasında həyata keçirilən bu dəyişikliklər milli toponimik irsin qorunması, coğrafi adların tarixi-mədəni dəyərlərə uyğunlaşdırılması və milli yaddaşın yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Siyavuş Novruzov bildirib ki, həmin qanundan irəli gələn məsələlərin hüquqi baxımdan tənzimlənməsi və bələdiyyələrin adlarının yeni inzibati ərazi adlarına uyğunlaşdırılması məqsədilə hazırkı qanun layihəsi hazırlanıb.
Layihə ilə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə olan “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Belə ki, Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çinarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.
Deputat qeyd edib ki, dəyişikliklərin qanunvericilik qaydasında rəsmiləşdirilməsi yeni coğrafi adlarla bələdiyyələrin adları arasında hüquqi uyğunluğun yaradılmasına, qanunvericilikdə vahid yanaşmanın qorunmasına və yerli özünüidarəetmə sistemində hüquqi ardıcıllığın təmin olunmasına xidmət edəcək.
Siyavuş Novruzov milli toponimlərin qorunmasını və tarixi adların bərpasını dövlətçilik təfəkkürünün, milli özünüdərkin və tarixi irsə sədaqətin mühüm göstəricisi kimi qiymətləndirib.
O bildirib ki, hər bir coğrafi ad xalqın yaddaşında yaşayan və tarixi gələcək nəsillərə ötürən mənəvi mirasdır. Buna görə də milli kimliyə və tarixi köklərə uyğun adların bərpası, onların qanunvericilikdə ardıcıl şəkildə əks etdirilməsi təkcə hüquqi deyil, həm də mühüm mənəvi-ictimai əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, təklif olunan dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsinə, milli toponimik irsin qorunmasına, tarixi yaddaşın yaşadılmasına və dövlətçilik dəyərlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
