Azərbaycandan Vyetnama son 3 ildə 1,1 milyon tondan çox xam neft tədarük edilib (FOTO)

Energetika Xəbər 16 Oktyabr 2026 12:13 (UTC +04:00)
Azərbaycandan Vyetnama son 3 ildə 1,1 milyon tondan çox xam neft tədarük edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Vyetnama 2023-cü ildən bəri 1,1 milyon tondan çox xam neft tədarük edilib.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşdə Hökumətlərarası Komissiya çərçivəsində enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin “PetroVietnam” və “ROX Group” ilə birgə layihələrin inkişafı imkanlarını müzakirə etdik. 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edilib", - paylaşımda qeyd edilib.

Vyetnam Milli Sənaye və Enerji Qrupu (Petrovietnam) 3 sentyabr 1975-ci ildə yaradılmış dövlət müəssisəsidir. Qrup milli iqtisadiyyatın strateji dayaqlarından biri olmaqla yanaşı, enerji təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin, iqtisadi təhlükəsizliyin, milli müdafiənin və sosial rifahın təmin edilməsində mühüm rol oynayır.

Şirkət Vyetnamın aparıcı müəssisəsi statusunu qoruyaraq regionun 10 ən böyük müəssisəsindən və dünyanın 500 ən böyük korporasiyasından birinə çevrilməyi hədəfləyir.

Petrovietnam ölkə miqyasında iri enerji və sənaye mərkəzlərinin yaradılmasına öncülük edir, Vyetnamın enerji sənayesinin beynəlxalq inteqrasiyasını dərinləşdirir və bərpaolunan enerji də daxil olmaqla, müxtəlif enerji həlləri təqdim edir. Bununla yanaşı, şirkət davamlı inkişafı, dəniz iqtisadiyyatını və ölkənin dənizdəki suverenliyini dəstəkləyir.

“ROX Group” əvvəllər sənaye parklarının istehsalı və inkişafı sahəsində fəaliyyət göstərən müəssisə olub.
1996-cı ildə bazara daxil olan və 30 illik inkişaf yolu keçən ROX Group hazırda şəhərsalma və sənaye zonalarının inkişafı, xidmətlər, enerji və maliyyə sahələrində fəaliyyət göstərən aparıcı özəl iqtisadi qruplardan biri kimi tanınır.
Qrup tərəfindən idarə olunan və fəaliyyəti əlaqələndirilən müəssisələr müxtəlif brendləri, məhsulları və xidmətləri ilə bazarda mövqelərini möhkəmləndirib, ölkənin əksər iri əyalətlərində geniş fəaliyyət göstərirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti