Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi

Siyasət Xəbər 16 Oktyabr 2026 16:47 (UTC +04:00)
Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi

Bakı. Trend:

Dünyanın mənzərəsinin sürətlə dəyişdiyi və yeni təhlükəsizlik çağırışlarının ortaya çıxdığı mürəkkəb dövrdə ölkəmiz daha bir mötəbər tədbirə — Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə uğurla evsahibliyi edərək qlobal diplomatiyanın diqqət mərkəzinə çevrildi. Milli maraqları beynəlxalq hüququn ali prinsipləri ilə uzlaşdıran ölkəmiz xarici siyasət strategiyasında ədalət, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq meyarlarını rəhbər tutur, siyasi arxitekturaya mütərəqqi dəyərlər bəxş edir. Həm ikitərəfli əlaqələrin dərinləşdirilməsində, həm də çoxtərəfli beynəlxalq platformalarda əldə olunan uğurlar Azərbaycanın dünyada böyük etimad qazandığını aydın şəkildə nümayiş etdirir.

BMT-dən sonra planetin ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik təcrübəsi ölkəmizin qlobal idarəetmədəki təşəbbüskar rolunu bariz şəkildə göstərdi. Bu səmərəli xarici siyasət xəttinin məntiqi davamı olaraq Azərbaycan AQEM çərçivəsində də liderlik missiyasını yüksək səviyyədə icra edir. Oktyabrın 15-də Bakının ev sahibliyi ilə keçirilən AQEM-in 7-ci Zirvə Görüşü regionun və dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Xüsusilə beynəlxalq müstəvidə artan gərginliyə baxmayaraq, sammitdə dövlət və hökumət başçılarının, yüksəksəviyyəli nümayəndə heyətlərinin fəal iştirakı rəsmi Bakının beynəlxalq birliyi ortaq problemlərin həlli naminə səfərbər etmək bacarığının nümayişinə çevrildi.

Müxtəlif siyasi sistemlərə və fərqli maraqlara malik dövlətlərin Bakıda bir araya gəlməsi Azərbaycanın ədalətli və dialoqa açıq platforma təmin etmək imkanlarının göstəricisidir. Regionda uzun illər davam edən qeyri-sabitlik və gərginliklərdən sonra Azərbaycanın formalaşdırdığı yeni reallıqlar Asiya qitəsində də təhlükəsizlik və iqtisadi inteqrasiya proseslərinə yeni nəfəs verir.

AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı təkcə Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə siyasi qiymət verilməsi baxımından deyil, həm də müasir beynəlxalq münasibətlər sisteminin problemlərinin qabardılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıdı. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bu yana davamlı şəkildə ikili standartlarla üzləşib:

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir”.

Prezident İlham Əliyev əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onlar 30 il ərzində kağız üzərində qalıb:

“Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.

Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemindəki dərin boşluğu və laqeydliyi diqqətə çatdıraraq qeyd edib ki, Ermənistanın əvvəlki rəhbərliyi, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Eyni zamanda, Ermənistanın hazırkı rəhbərliyi də 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirib, 2019-cu ildə işğal altında olan Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in bu hədsiz həyasızlığa, işğala, hərbi cinayətlərə və etnik təmizləməyə göz yumduğu bir şəraitdə Azərbaycan 30 illik ağır problemini öz hərbi-siyasi gücü və milli iradəsi hesabına həll edib. Ölkəmiz bununla həm də beynəlxalq hüququn aliliyini və tarixi ədaləti təkbaşına bərpa edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın keçdiyi şərəfli yol və əldə etdiyi tarixi qələbələr göstərdi ki, beynəlxalq hüquq yalnız bəyanatlarla deyil, real addımlarla təsdiqlənməlidir.

Bu tarixi Zəfərdən sonra Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz funksiyasını daha da möhkəmləndirib. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında ölkəmizin Asiya və Avropa arasında oynadığı strateji rola diqqət çəkərək bildirdi:

“Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.

Bu baxımdan, AQEM-in 7-ci Zirvə Görüşü eyni zamanda Azərbaycanın Şərqlə Qərb arasında etibarlı körpü, Orta dəhliz kimi qlobal nəqliyyat arteriyasının isə strateji dayağı olduğunu dünya ictimaiyyətinə bir daha aydın nümayiş etdirdi. Bu çərçivədə həyata keçirilən rəqəmsal transformasiyalar və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi təkcə iqtisadi göstərici deyil, həm də qitələrarası etimadın və tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən amillərdir. Azərbaycanın təşəbbüsləri ilə irəli sürülən layihələr Asiyanın inkişaf etməkdə olan bazarlarını Avropa ilə birləşdirərək iqtisadi inteqrasiyanı sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə çatmağa geniş imkanlar yaradır.

AQEM-in 7-ci Zirvə Görüşündə həmçinin, diqqətə çatdırıldı ki, regional sülhün və dayanıqlı inkişafın təmin olunması, terrorizm və transmilli təhlükələrə qarşı effektiv mübarizə, eləcə də iqtisadi inteqrasiyanın dərinləşməsi yalnız dövlətlərin səmimi iradəsi, qarşılıqlı etimadı və kollektiv fəaliyyəti sayəsində mümkündür. Azərbaycanın atdığı addımlar və formalaşdırdığı yeni əməkdaşlıq dinamikası təşkilatın gələcək fəaliyyətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür:

“Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Nəticə etibarilə, AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın keçdiyi şərəfli yol və əldə edilən tarixi uğurlarla yanaşı, ölkəmizin regional sülhün, təhlükəsizliyin, strateji bağlantıların və çoxtərəfli diplomatiyanın qarantı olduğunu bir daha bütün dünyanın diqqətinə çatdırdı.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti