Bakı.Trend:
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına süni intellektdən istifadə ilə bağlı prinsip əlavə olundu.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli cümə günü Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, təklifə əsasən çedia subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir.
“Yeni prinsiplərə əsasən, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbükat və mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyilə hazırlanmış materialların dərcindən əvvəl onların məzmunu, faktoloji dəqiqliyi və mənbələri insan jurnalist tərəfindən mütləq yoxlanılmalıdır. Dərc olunan materiallara görə jurnalist və redaksiya şəxsən məsuliyyət daşıyır.
Həmçinin auditoriyanın düzgün məlumatlandırılması üçün şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işlənməli və onun mənşəyi barədə ictimaiyyətə məlumat verilməlidir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.
Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.
Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.
