Paris Polis Prefekturasının cümə axşamı yaydığı məlumata görə, məktəblilərin etiraz hərəkatı başlayandan bəri Paris aqlomerasiyasında 1260 nəfər saxlanılıb. Onların 86 faizi yetkinlik yaşına çatmayanlardır. Polis Prefekturasının hesablamalarına əsasən, 286 polis əməkdaşı və jandarm, eləcə də Milli Təhsil Sisteminin 13 əməkdaşı xəsarət alıb.
“Zorakılıq halları təkrarlanır və getdikcə daha da şiddətlənir (...) Son bir neçə həftə ərzində zorakılığın artmasını adi hal kimi qəbul etmək olmaz”, — deyə Polis Prefekturası bildirib.
Yalnız çərşənbə axşamı günü 71 polis əməkdaşı və jandarm xəsarət alıb. Onlardan ikisi elə həmin axşam əməliyyat olunub, təxminən on nəfər isə xəstəxanaya aparılıb.
Nümayişçilərin yürüşlərində “aqressiv şəxslərin” iştirak etdiyini qeyd edən Polis Prefekturası onlardan bəzilərinin səki daşlarını yerindən çıxararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarına atdığını vurğulayıb.
Nümayişin dağıdıldığı Vauban meydanında Polis Prefekturasının Mərkəzi Laboratoriyasının apardığı araşdırmalar, Polis Prefekturasının məlumatına görə, “hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı xüsusilə güclü pirotexniki vasitələrdən (atəşfəşanlıq üçün nəzərdə tutulan minaatan tipli qurğulardan — red.) istifadə edildiyini” üzə çıxarıb.