Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 2030-cu ildə 12 faizə endiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 16 Oktyabr 2026 00:48 (UTC +04:00)
Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 2030-cu ildə 12 faizə endiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2030-cu ilin sonuna 12 faizə qədər azaldılması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin mərhələli şəkildə azaldılması planlaşdırılır. Bu göstəricinin 2029-cu ilin sonuna 13 faizə, 2030-cu ilin sonuna isə 12 faizə endirilməsi nəzərdə tutulur.

Bu məqsədlə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin hər il orta hesabla 2,1 faiz bəndi azalacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, makro-fiskal çərçivənin tətbiqi ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığın və maliyyə-borc intizamının qorunmasına, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin mühafizəsinə, dövlət xərclərinin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edəcək.

Sənəddə bildirilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanuna əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin hər il üçün deyil, ortamüddətli dövrün sonuna müəyyən edilməsi nəzərdə tutulur.

Ortamüddətli makro-fiskal çərçivə fiskal dayanıqlığın təmin edilməsi ilə yanaşı, qəbul edilmiş və gələcəkdə qəbul olunacaq strategiyaların və dövlət proqramlarının həyata keçirilməsi üçün zəruri maliyyə təminatının formalaşdırılmasını da nəzərdə tutur.

Bu yanaşmanın dövlət maliyyəsinin uzunmüddətli dayanıqlığının qorunmasına, büdcə resurslarından daha səmərəli istifadəyə və prioritet istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə imkan yaradacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti