Bakı. Trend:
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 2030-cu ildə 169,1 milyard manata çatacağı, qeyri-neft-qaz sektorunun isə ÜDM-də payının 82 faizə yüksələcəyi proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli
Xərclər Çərçivəsində əksini tapıb.
Proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcminin 141 milyard
manat, o cümlədən qeyri-neft-qaz ÜDM-inin 109,1 milyard manat
olacağı gözlənilir. 2030-cu ildə isə bu göstəricilərin müvafiq
olaraq 169,1 milyard manata və 138,6 milyard manata yüksələcəyi
ehtimal edilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz,
qeyri-neft-qaz ÜDM-inin isə 4,4 faiz təşkil edəcəyi
proqnozlaşdırılır.
Proqnozlara görə, 2025-ci ildə 129,1 milyard manat təşkil edən
ÜDM-in həcmi 2026-cı ildə 138 milyard manata, 2027-ci ildə 141
milyard manata, 2028-ci ildə 147,6 milyard manata, 2029-cu ildə
158,4 milyard manata çatacaq. 2030-cu ildə isə bu göstəricinin
169,1 milyard manat olacağı gözlənilir.
Qeyri-neft-qaz sektorunda ÜDM-in həcminin 2025-ci ildəki 92,3
milyard manatdan 2026-cı ildə 100 milyard manata, 2027-ci ildə
109,1 milyard manata, 2028-ci ildə 118,3 milyard manata, 2029-cu
ildə 128,1 milyard manata və 2030-cu ildə 138,6 milyard manata
yüksələcəyi proqnozlaşdırılır.
Neft-qaz sektorunun ÜDM-də payının isə ortamüddətli dövrdə
azalacağı gözlənilir. Bununla belə, 2029-cu ildən etibarən
“Abşeron” yatağının tam gücü ilə istismarı hesabına hasilatın
artmasının və sektorun inkişafına müsbət töhfə verməsinin
gözlənildiyi bildirilir.
Baza ssenariyə əsasən, neftin bir barelinin orta illik ixrac
qiymətinin 2027-ci ildə 65 ABŞ dolları olacağı və 2028–2030-cu
illərdə də bu səviyyədə qalacağı fərz edilir.
Bununla yanaşı, 2027-ci ildə əsas kapitala investisiyaların 2,4
faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artacağı
proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital
qoyuluşlarında 2027–2028-ci illərdə artım gözlənilir.
Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz
sektoru üzrə əsas təşkilatların investisiya planları, dövlət
büdcəsinin əsaslı xərcləri, işğaldan azad edilmiş ərazilərdə
quruculuq işləri, qeyri-neft-qaz sektoruna birbaşa xarici
investisiyaların cəlb edilməsi hədəfləri və infrastruktur
layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə
alınıb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, cari il üçün
baza ssenaridə 5,7 faiz səviyyəsində proqnozlaşdırılan orta illik
inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3 faizə enəcək. Bu
proqnoz hazırlanarkən dünya bazarlarında əmtəə və ərzaq
qiymətlərinin dinamikası, idxal qiymətlərinə təsirlər, nominal
effektiv məzənnə indeksinin dəyişməsi, məzənnənin sabit qalması
fərziyyəsi və tənzimlənən mal və xidmətlərin tariflərindəki
dəyişikliklər nəzərə alınıb.
Ortamüddətli dövrdə əhalinin gəlirlərinin və xərclərinin də
artacağı gözlənilir. Belə ki, 2030-cu ildə əhalinin gəlirlərinin
137 milyard manata, xərclərinin isə 134,1 milyard manata çatacağı
proqnozlaşdırılır.
