Azərbaycanda inflyasiyanın 2030-cu ildə 4,3 faizə enəcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 16 Oktyabr 2026 00:42 (UTC +04:00)
Azərbaycanda inflyasiyanın 2030-cu ildə 4,3 faizə enəcəyi gözlənilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda orta illik inflyasiyanın 2030-cu ildə 4,3 faizə enəcəyi, əsas kapitala investisiyaların isə 28,4 milyard manata çatacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapan makroiqtisadi proqnozlarda bildirilib.

Proqnozlara əsasən, 2026-cı il üçün 5,7 faiz səviyyəsində nəzərdə tutulan orta illik inflyasiyanın 2027-ci ildə 5,3 faizə, 2028-ci ildə 4,8 faizə, 2029-cu ildə 4,6 faizə, 2030-cu ildə isə 4,3 faizə qədər azalacağı gözlənilir.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan proqnozlarda cari ilin ötən dövründə qeydə alınmış faktiki inflyasiya səviyyəsi, dünya bazarlarında əmtəə və ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası, məzənnənin sabit qalması fərziyyəsi, eləcə də tənzimlənən mal və xidmətlərin tariflərindəki dəyişikliklərin təsirləri nəzərə alınıb.

Sənədə əsasən, 2027–2030-cu illərdə manatın ABŞ dollarına qarşı məzənnəsinin cari ilin səviyyəsində sabit qalacağı fərz edilir.

Bununla yanaşı, ortamüddətli dövrdə əsas kapitala investisiyaların artacağı proqnozlaşdırılır. Belə ki, ümumi investisiyaların həcminin 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat olacağı gözlənilir.

İnvestisiyaların strukturunda qeyri-neft-qaz sektorunun payının artacağı ehtimal edilir. Bu sektora yönəldilən investisiyaların 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Neft-qaz sektoruna investisiyaların isə 2027-ci ildə 8 milyard manat, 2028-ci ildə 8,3 milyard manat, 2029-cu ildə 8,2 milyard manat olacağı, 2030-cu ildə isə 7,5 milyard manata enəcəyi gözlənilir.

Proqnozlara görə, əhalinin nominal gəlirləri və xərcləri də artmaqda davam edəcək. 2025-ci ildə 89,9 milyard manat təşkil edən əhalinin gəlirlərinin 2026-cı ildə 98,6 milyard manata, 2027-ci ildə 107,5 milyard manata, 2028-ci ildə 116,5 milyard manata, 2029-cu ildə 126,7 milyard manata və 2030-cu ildə 137 milyard manata yüksələcəyi gözlənilir.

Əhalinin xərclərinin isə 2025-ci ildəki 88,1 milyard manatdan 2026-cı ildə 96,4 milyard manata, 2027-ci ildə 105,1 milyard manata, 2028-ci ildə 113,9 milyard manata, 2029-cu ildə 123,9 milyard manata və 2030-cu ildə 134,1 milyard manata çatacağı proqnozlaşdırılır.

Beləliklə, proqnozlaşdırılan dövrdə əhalinin nominal gəlirlərinin xərclərini üstələməsi gözlənilir. 2030-cu ildə gəlirlərlə xərclər arasındakı fərqin 2,9 milyard manat təşkil edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti