Bakı. Trend:
İnnovativ həllər Azərbaycanda fermerlərin su ehtiyatlarından daha səmərəli istifadəsinə, məhsul itkilərinin azalmasına və gəlirlərinin artmasına töhfə verə bilər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbirdə FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat deyib.
O bildirib ki, suvarmanın daha səmərəli idarə olunması, hava şəraiti barədə vaxtında məlumatlandırma, təkmilləşdirilmiş təsərrüfatçılıq üsulları və alıcılarla rəqəmsal əlaqələrin qurulması kənd təsərrüfatının inkişafı üçün mühüm imkanlar yaradır.
“İnnovasiya hər zaman mürəkkəb və ya bahalı bir həll demək deyil. Suya qənaət edən, itkiləri azaldan və ya fermerin daha çox gəlir əldə etməsinə kömək göstərən sadə həll də innovasiyadır. Əsas meyar onun təsərrüfatda işləyib-işləməməsidir”, – deyə Nasar Hayat vurğulayıb.
FAO nümayəndəsi gənclərin bu prosesə töhfəsindən danışaraq 14 yaşlı azərbaycanlı Leyla Heydərovanın hazırladığı “KendMart” rəqəmsal platformasını nümunə göstərib. Onun sözlərinə görə, yerli fermerləri birbaşa istehlakçılarla əlaqələndirən platforma kiçik təsərrüfatların müştəri tapmasına kömək etmək məqsədilə yaradılıb.
Nasar Hayat universitetlərin, o cümlədən ADA Universitetinin rolunu xüsusi qeyd edərək təhsil və elmi tədqiqatların fermerlərin praktik ehtiyacları ilə əlaqələndirilməsinin vacibliyini bildirib. O, müasir elmi biliklərin fermerlərin nəsillər boyu topladığı təcrübə ilə birləşdirilməsinin aqrobiomüxtəlifliyin qorunmasına, istehsalın yaxşılaşdırılmasına və dayanıqlığın gücləndirilməsinə xidmət etdiyini söyləyib.
FAO nümayəndəsi kənd qadınlarının, kiçik fermerlərin və gənclərin maliyyə, təlim, texnologiya və bazarlara çıxış imkanlarının genişləndirilməsinin də əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, 2025-ci ildə dünyada 645 milyon insan aclıqla üzləşib, dünya əhalisinin təxminən üçdəbirinin sağlam qidalanmağa maddi imkanı çatmayıb. Bu baxımdan, mövcud həllərin onlara ehtiyacı olan insanlar üçün əlçatan və faydalı olması mühüm vəzifədir.
Nasar Hayat FAO-nun daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prioritetlərini praktik fəaliyyətə çevirmək üçün Azərbaycan hökuməti və tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib.
