Bakı. Trend:
Azərbaycanda aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur. Bu baxımdan, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə günü ADA Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi “Ümumdünya Qida Günü 2026” adlı tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
“Əminik ki, fakültə gələcəkdə aqrar və qida sektorunun ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanmasına, bu sahələrdə kadr potensialının gücləndirilməsinə və müasir biliklərin praktik fəaliyyətə tətbiqinə mühüm töhfə verəcəkdir”, – deyə o bildirib.
Agentlik sədri vurğulayıb ki, iqlim dəyişiklikləri, yeni xəstəliklər və qlobal təchizat zəncirindəki çətinliklər qida təhlükəsizliyi sahəsində yeni vəzifələr yaradır. Belə şəraitdə yalnız problemlər ortaya çıxdıqdan sonra tədbir görmək kifayət etmir. Risklərin əvvəlcədən müəyyənləşdirilməsi, elmin və müasir texnologiyaların imkanlarından istifadə olunması, daha çevik və etibarlı sistemin qurulması vacibdir.
Q.Təhməzli qeyd edib ki, FAO və Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ildə apardığı qiymətləndirmədə Azərbaycanın qida təhlükəsizliyi sistemində kritik boşluqlar aşkarlanmayıb. Azərbaycanın Kodeks Alimentarius Komissiyasının Avropa üzrə Regional Koordinasiya Komitəsinə koordinatorluq üçün namizədliyinin 52 üzv tərəfindən yekdilliklə dəstəklənməsi də ölkəyə göstərilən etimadın ifadəsidir.
Onun sözlərinə görə, AQTİS-in inkişafı və ePhyto platformasına inteqrasiya idxal-ixrac əməliyyatlarında məlumat mübadiləsini sürətləndirib, prosedurların sadələşdirilməsinə və şəffaflığın artırılmasına imkan yaradıb. Hazırda Azərbaycan məhsulları dünyanın 70-dən çox ölkəsinə ixrac olunur.
“Bizim üçün rəqəmsallaşmanın əsl dəyəri yalnız elektron xidmətlərin sayının artması deyil. Əsas odur ki, məhsulun mənşəyini izləyə bilək, təhlükəni vaxtında müəyyən edək və düzgün qərarı gecikmədən verək”, – deyə agentlik sədri vurğulayıb.
Q.Təhməzli bildirib ki, 2027–2032-ci illər üçün qida təhlükəsizliyinə dair Dövlət Proqramı çərçivəsində qida məhsullarının istehsaldan son istehlak mərhələsinədək izlənilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi və heyvanların identifikasiyası sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
O əlavə edib ki, qida təhlükəsizliyinin təmin olunması dövlət qurumlarının, alimlərin, beynəlxalq tərəfdaşların, fermerlərin, sahibkarların və istehlakçıların birgə səylərini tələb edir.
