Ağdam. Trend:
Minatəmizləmə işlərinə cəlb olunan istehkamçılar əvvəlcə tibbi və psixoloji yoxlamadan keçirilir, təhlükəli vəziyyətlərdə davranış və ilkin tibbi yardım qaydaları üzrə təlimatlandırılırlar.
Trend-in Qarabağ bürosuna müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin həkimi, mayor Nizami İsmayılov bildirib ki, yalnız müvafiq yoxlama və təlimatlandırmadan sonra istehkamçıların minatəmizləmə prosesinə başlamasına icazə verilir.
Onun sözlərinə görə, əməkdaşlara hadisə zamanı yaralanan yoldaşlarına ilkin tibbi yardım göstərmək qaydaları da öyrədilir. Zərurət yaranarsa, yaralılar xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yaxınlıqdakı hospitallara və ya xəstəxanalara çatdırılır.
Nizami İsmayılov qeyd edib ki, minatəmizləmə işləri zamanı mümkün hadisələrə operativ müdaxilə tibb xidmətinin əsas vəzifələrindəndir. Onun sözlərinə görə, indiyədək bu işlər zamanı hər hansı hadisə qeydə alınmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) partlayış texniki, gizir Şəmistan Əlizadə bildirib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayı işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində iştirak edir.
Onun sözlərinə görə, mina təmizləmə işləri əl üsulu, kinoloji qrupların köməyi və məsafədən idarə olunan mexaniki vasitələrlə aparılır.
Ş. Əlizadə qeyd edib ki, GCS-200 markalı mexaniki mina təmizləmə vasitəsi işlərin sürətini və keyfiyyətini artırmaqla yanaşı, şəxsi heyətin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
O bildirib ki, bu qurğu "flail" və "tiller" adlanan iki qoşqudan ibarətdir. Hər iki qoşqu piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Ərazinin relyefindən asılı olaraq, GCS-200 saatda 750–1500 kvadratmetr sahəni təmizləmək gücünə malikdir.
