Bakı. Trend:
Milli Məclis Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bu təkliflə çıxış edib.
O bildirib ki, oktyabrın 18-də Azərbaycan xalqı Müstəqilliyin Bərpası Gününü qeyd edəcək. 35 il əvvəl həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyət daşıyan hadisə olub.
Milli Məclisin sədri qeyd edib ki, ölkənin müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsinə çevrilib. Onun həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırılıb, ictimai-siyasi sabitlik bərpa olunub və dövlət institutları möhkəmləndirilib.
Sahibə Qafarovanın sözlərinə görə, Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürərək uğurla həyata keçirib, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verib, onun dönməzliyini təmin edib, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirib.
O, 2003-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin ölkə tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, bu hadisə müstəqil dövlətçiliyin inkişafında yeni dövr açıb, xalqın verdiyi qərar müasir Azərbaycanın tarixi qələbələrlə zəngin sonrakı inkişaf yolunu müəyyən edib.
Milli Məclisin sədri qeyd edib ki, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və inkişaf etdirilməsi əldə olunmuş nailiyyətlərin qorunub artırılmasına, eləcə də mühüm ümummilli vəzifələrin yerinə yetirilməsinə imkan yaradıb.
Sahibə Qafarova son dövrün ən böyük nailiyyətləri sırasında 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələri göstərib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir.
“Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaratmışdır”, – deyə Milli Məclisin sədri bildirib.
O əlavə edib ki, hazırda Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir. Eyni zamanda, ölkə beynəlxalq mövqelərini ardıcıl şəkildə möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin olunması, əməkdaşlığın inkişafı və Cənubi Qafqazda möhkəm sülhün yaradılması istiqamətində təşəbbüslərlə çıxış edir.
Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və uğurlu xarici siyasətinin növbəti göstəricisi kimi qiymətləndirib.
O bildirib ki, Azərbaycanın sədrliyi ilə keçirilən genişmiqyaslı beynəlxalq tədbir dünyanın böyük bir coğrafiyasında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsində ölkənin rolunu təsdiqləyir.
Milli Məclisin sədri əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin liderliyi, Azərbaycan xalqının birlik və həmrəyliyi dövlətin müstəqillik yolunda bundan sonra da inamla irəliləməsini təmin edəcək.
Sahibə Qafarova, həmçinin Müstəqilliyin Bərpası Günü ərəfəsində qeyd olunan şəhər günlərinə diqqət çəkib. O bildirib ki, oktyabrın 17-də Füzuli şəhərinin, bir neçə gün sonra Zəngilan şəhərinin, daha sonra isə Qubadlı şəhərinin günləri qeyd olunacaq.
Onun sözlərinə görə, milli iradənin təntənəsini əks etdirən bu hadisələr Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələr qazanan Azərbaycanın gücünün və qüdrətinin rəmzləridir.
Sonda Sahibə Qafarova Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktublarının ünvanlanmasını, ölkənin və xalqın gələcəyi naminə fəaliyyətlərində onlara yeni uğurlar arzulamağı təklif edib.
