Bakı. Trend:
Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın son illərdə keçdiyi tarixi yolun, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin və gələcəyə baxışının dolğun ifadəsi oldu.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Prezident İlham Əliyev səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız öz milli maraqlarını qoruyan deyil, eyni zamanda daha ədalətli və beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin formalaşmasına töhfə verən dövlətdir:
“Azərbaycanın coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşməsi ölkəmizə mühüm imkanlar verir. Lakin Azərbaycanın Avrasiyada birləşdirici mərkəzə çevrilməsini yalnız coğrafi mövqeyi ilə izah etmək düzgün olmazdı. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət əsasında qurulan münasibətlər, nəqliyyat və enerji layihələri ölkəmizin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir və özünə münasibətdə də eyni prinsiplərin gözlənilməsini tələb edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri beynəlxalq münasibətlərdə uzun illər müşahidə olunan ikili standartlar oldu. Azərbaycan 30 ilə yaxın müddətdə işğal faktı ilə üzləşsə də, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası təmin edilmədi. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi onilliklər ərzində kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu isə münaqişənin real həllinə nail olmaq əvəzinə faktiki olaraq mövcud vəziyyətin qorunub saxlanmasına xidmət edən fəaliyyətsiz mexanizmə çevrildi.
Azərbaycan xalqı bu ədalətsizliyin nəticələrini uzun illər yaşadı. Lakin 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istiqamətində həlledici addım atdı. 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində isə dövlətimizin suverenliyi bütün ərazimizdə tam təmin edildi və separatizmə son qoyuldu. Bununla Azərbaycan həm də dünyaya göstərdi ki, beynəlxalq hüququn prinsipləri yalnız bəyanatlarda qalmamalı, onların icrası üçün real siyasi iradə mövcud olmalıdır”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev “Müharibə bizim seçimimiz olmayıb” fikri xüsusilə mühüm siyasi və mənəvi məna daşıyır:
“Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini gözlədi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra isə ölkəmiz Ermənistana sülh təklif etdi. Bu, qalib Azərbaycanın gücünün yanında siyasi məsuliyyətinin də göstəricisidir. Azərbaycan keçmişdə baş verən faciələrə baxmayaraq, regionun gələcəyini yeni qarşıdurmalarda deyil, davamlı sülhdə və əməkdaşlıqda görür.
Prezident İlham Əliyevin AQEM çərçivəsində əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə nümayiş etdirir. Ölkəmizin sədrliyi dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm kimi istiqamətlərə xüsusi diqqət yetirilməsi Azərbaycanın təhlükəsizliyi yalnız hərbi-siyasi anlayış kimi deyil, iqtisadi inkişaf və xalqlar arasında qarşılıqlı etimadla birbaşa bağlı məsələ kimi qiymətləndirdiyini göstərir.
Bu gün Azərbaycan qalib, suverenliyini tam təmin etmiş və müstəqil siyasət aparan güclü dövlətdir. Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışının əsas mesajlarından biri də budur: beynəlxalq münasibətlərdə davamlı sülh yalnız dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edildiyi, ikili standartlardan imtina olunduğu və beynəlxalq hüququn hamıya bərabər şəkildə tətbiq edildiyi halda mümkün ola bilər”.
