Bakı. Trend:
Azərbaycanda təbii, becərilmiş və kompozit becərilmiş mirvarilərin, eləcə də mirvari imitasiyalarının terminologiyası və təsnifatı üzrə yeni dövlət standartı qəbul edilib. AZS 1022:2026 dövlət standartı məhsulların düzgün adlandırılmasına, xüsusiyyətləri barədə istehlakçıların məlumatlandırılmasına və mirvari ticarətində şəffaflığın artırılmasına xidmət edəcək.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib ki, yeni standart mirvarilərlə bağlı vahid terminologiyanın və təsnifat yanaşmasının formalaşdırılması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1022:2026 “Təbii, becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyaları – Terminologiya və təsnifat (nomenklatura)” dövlət standartı qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrinə daxil edilib.
“Mirvarilərdən və onların imitasiyalarından zərgərlik məmulatlarının hazırlanmasında geniş istifadə olunur. Buna görə də bu məhsulların adlandırılması, növlərinin müəyyənləşdirilməsi və xüsusiyyətlərinin təqdim edilməsi ilə bağlı vahid normativ yanaşmanın olması vacibdir. Yeni standart məhz bu istiqamətdə ümumi qaydaların formalaşdırılmasına imkan verir”, - deyə R.Əmircanov qeyd edib.

O bildirib ki, standart təbii, becərilmiş və kompozit becərilmiş mirvarilərin, eləcə də mirvari imitasiyalarının terminologiyasını və təsnifatını müəyyən edir. Sənəd, həmçinin məhsulların emal üsulları və onlara qulluq tələbləri barədə məlumatların daha aydın və düzgün təqdim olunmasına yönəlib.
“Standartın tətbiqi alqı-satqı prosesində şəffaflığın artırılmasına və istehlakçıların hüquqlarının qorunmasına töhfə verəcək. Məhsulun hansı növ mirvari olduğunu, onun xüsusiyyətlərini və emal üsulunu düzgün ifadə etmək alıcının məlumatlı qərar verməsi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, vahid terminologiyadan istifadə məhsulların xüsusiyyətləri barədə yanlış və ya aldadıcı təqdimatların qarşısının alınmasına kömək edə bilər”, - deyə o vurğulayıb.
R.Əmircanovun sözlərinə görə, yeni standartın hazırlanması zamanı beynəlxalq təcrübə də nəzərə alınıb. Sənəd Dünya Zərgərlik Konfederasiyasının (CIBJO) “Mirvari kitabı”nın 2026-cı il nəşrinə uyğunlaşdırılıb və beynəlxalq təşkilata təqdim edilib.
“Layihə CIBJO-ya təqdim olunduqdan sonra müsbət rəy alınıb və sənədin Azərbaycanda milli standart kimi qeydiyyata alınmasına razılıq verilib. Bu yanaşma yerli standartlaşdırma təcrübəsinin beynəlxalq prinsiplərlə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir”, - deyə iqtisadçı bildirib.
Qeyd edək ki, Dünya Zərgərlik Konfederasiyasının (CIBJO) “Mirvari kitabı”nın 2026-cı il nəşri əsasında hazırlanan AZS 1022:2026 “Təbii, becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyaları — Terminologiya və təsnifat (nomenklatura)” dövlət standartının layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM), Mərkəzin bazasında fəaliyyət göstərən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36), həmin Agentliyin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND), “AzerGold” QSC-nin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC-nin, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrinin iştirakı ilə hazırlanıb.
