"Livable Baku" layihəsi üzrə Ekoloji və Sosial İdarəetmə Çərçivə Sənədinin layihəsi dərc olunub

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 17:37 (UTC +04:00)
"Livable Baku" layihəsi üzrə Ekoloji və Sosial İdarəetmə Çərçivə Sənədinin layihəsi dərc olunub
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

"Livable Baku" layihəsi üzrə Ekoloji və Sosial İdarəetmə Çərçivə Sənədinin (Environmental and Social Management Framework, ESMF) layihəsi dərc olunub.

Azərbaycan hökuməti tərəfindən Dünya Bankı ilə birgə hazırlanan “Livable Baku” layihəsi bərk məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsinə, ekoloji cəhətdən deqradasiyaya uğramış ərazilərin bərpasına, eləcə də şəhər infrastrukturunun təbii fəlakətlərə və iqlim dəyişikliyinə dayanıqlılığının artırılmasına yönəlib.

Dünya Bankının saytında dərc olunan sənəddə qeyd edilir ki, layihənin icrası çərçivəsində Böyük Bakıda ictimai məkanların, binaların və yerli infrastrukturun keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində tullantıların toplanması, daşınması, çeşidlənməsi, emalı və utilizasiyası xidmətlərinin təkmilləşdirilməsi, həmçinin çirklənmiş ərazilərdə bərpa işlərinin aparılması planlaşdırılır. Şəhər biomüxtəlifliyinin inkişafına, yaşıl və su infrastrukturunun genişləndirilməsinə də ayrıca diqqət yetiriləcək.

Xüsusilə, çirklənmiş Zığ, Böyükşor və Xocasən göllərinin, eləcə də neft məhsulları ilə çirklənmiş bəzi ərazilərin bərpası nəzərdə tutulur.

Sənədə əsasən, layihənin əhatə dairəsinə Abşeron yarımadası və ona bitişik ərazilər — Abşeron, Qobustan, Şamaxı və Xızı rayonları daxildir. Azərbaycanın şərqində, Xəzər dənizinin qərb sahili boyunca yerləşən bu region müxtəlif təbii və şəhər landşaftları ilə səciyyələnir. Buraya sahilyanı ekosistemlər, göllər, yarımsəhralar, kənd təsərrüfatı torpaqları, meşələr, dağlıq ərazilər və sürətlə genişlənən şəhər yaşayış məntəqələri daxildir.

Sənəddə qeyd olunur ki, coğrafi müxtəliflik həm ekoloji problemlər yaradır, həm də imkanlar açır. Bu səbəbdən ərazi tullantıların idarə olunması sisteminin kompleks şəkildə təkmilləşdirilməsi, çirklənmiş torpaqların və göllərin bərpası, biomüxtəlifliyin artırılması və dayanıqlı şəhər inkişafının təmin edilməsi baxımından prioritet hesab olunur.
Bununla yanaşı, sənəddə bildirilir ki, uzun illər ərzində neft hasilatı, sənayenin inkişafı, sürətli urbanizasiya və tullantıların yerləşdirilməsi ilə bağlı fəaliyyətlər bir sıra ərazilərdə təbii ekosistemləri əhəmiyyətli dərəcədə dəyişdirib.

Ekoloji baxımdan həssas ərazilər sırasında Böyükşor, Xocahəsən və Zığ gölləri, eləcə də Maştağa–Buzovna zonasında, Qaraçuxurda və Qırməkidə neftlə çirklənmiş sahələr göstərilir. Sənədə əsasən, bu ərazilər keçmiş neft hasilatının nəticələrindən, sənaye çirklənməsindən, tullantı sularının axıdılmasından və şəhər tikintisinin genişlənməsindən müxtəlif dərəcədə zərər çəkib.

Bundan əlavə, layihənin əhatə etdiyi ərazi Abşeron və Altıağac milli parkları da daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaxınlığında yerləşir. Bu parklar quru və sahilyanı ekosistemlərin qorunmasını təmin edir, çoxsaylı bitki və heyvan növləri, o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün yaşayış mühiti yaradır.

Layihənin hazırlanması İqtisadiyyat Nazirliyi tərəfindən əlaqələndirilir. Nazirlik icraçı qurum kimi çıxış edir. Prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər müvafiq qurumlar da iştirak edir. Layihə Dünya Bankı ilə birgə hazırlanıb.

Qeyd edək ki, Dünya Bankı “Livable Baku” layihəsinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Layihənin Dünya Bankının Direktorlar Şurasında ilkin müzakirəsinin 2027-ci il fevralın 18-də keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılması nəzərdə tutulur. Layihənin 2027–2033-cü illərdə həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti