Bakı. Trend:
Enerji qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirinin ümumi nəticəsi müsbətdir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkənin makroiqtisadi dayanıqlılığı, pul siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda islahatlar və iqtisadiyyatın şaxələndirilməsi məsələlərindən danışıb. O, həmçinin “2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nın icrası və pul siyasəti çərçivəsinin qlobal risklərə qarşı dayanıqlılığı barədə fikirlərini bölüşüb.
AMB sədri Azərbaycanın açıq və kiçik iqtisadiyyata malik olduğunu vurğulayaraq, 2025-ci ildə xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbətinin 79,8 faiz təşkil etdiyini qeyd edib.
“Enerji qiymətləri iqtisadiyyata istiqaməti fərqli olan üç kanal vasitəsilə təsir edir”, – deyə o bildirib.
T.Kazımovun sözlərinə görə, neftin qiymətinin bir barel üçün 10 ABŞ dolları artması cari hesabın profisitini təxminən 1,2 milyard ABŞ dolları, qazın hər min kubmetrinin qiymətinin 50 ABŞ dolları artması isə təxminən 900 milyon ABŞ dolları artırır.
O, digər tərəfdən, Azərbaycanın qeyri-neft idxalının təxminən 80 faizinin enerji idxal edən ölkələrin payına düşdüyünü bildirib. Onun sözlərinə görə, neftin qiymətinin 10 faiz bəndi artması ticarət tərəfdaşlarında inflyasiyanı təxminən 0,67 faiz bəndi yüksəldir. Bu şəraitdə nominal effektiv məzənnə inflyasiya təzyiqinin əhəmiyyətli hissəsini cilovlayır.
AMB sədri strateji aktivlərin dəyərindəki dəyişiklikləri də enerji qiymətlərinin iqtisadiyyata təsir edən kanallarından biri kimi qeyd edib və bu üç kanalın ümumi təsirinin müsbət olduğunu bildirib.
O, Azərbaycanın pul siyasəti çərçivəsinin üç əsas sütuna söykəndiyini vurğulayıb: məzənnə sabitliyi, faiz dəhlizi və strateji valyuta ehtiyatları.
“Məzənnə sabitliyi əsas nominal lövbər rolunu oynayır. Məzənnənin dominant transmissiya kanalı olduğu şəraitdə sabit məzənnə idxal inflyasiyasının əhəmiyyətli hissəsini neytrallaşdırır”, - deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, bu şəraitdə inflyasiya gözləntiləri 4±2 faiz diapazonunda qalır. Eyni zamanda, faiz dəhlizi və daimi imkan alətləri pul siyasəti qərarlarının proqnozlaşdırıla bilən şəkildə ötürülməsini təmin edir.
T.Kazımov qeyd edib ki, bu ilin iyun ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon ABŞ dolları artaraq 85,8 milyard ABŞ dollarına çatıb. Bu məbləğ ÜDM-in 125%-dən çoxdur və geniş pul kütləsinin təxminən 400%-ni əhatə edir.
AMB sədri pul siyasəti çərçivəsinin modernləşdirilməsində əsas məqsədin qiymət sabitliyinin qorunması olduğunu bildirib. Baza proqnozlarına əsasən, inflyasiyanın 2026-cı ilin sonuna 6,1 faiz, 2027-ci ilin sonuna isə 5,8 faiz təşkil edəcəyi gözlənilir.
“Prioritet hədəfi dəyişdirmək deyil, məzənnə sabitliyini əsas nominal lövbər kimi qorumaqla faiz dərəcələrinin ötürücülüyünü gücləndirmək və dərinləşdirmək, eyni zamanda daxili inflyasiya baxımından banklararası faiz dərəcələrini əlavə lövbər kimi istifadə etməkdir”, - deyə o vurğulayıb.
T.Kazımovun sözlərinə görə, 2022-ci ilin sentyabrından etibarən banklararası pul bazarı formalaşdırılıb. Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıqdır ki, ikinci dərəcəli əməliyyat hədəfi rolunu oynayır və AZIR ilə uçot dərəcəsi arasındakı spred azalıb. O, ötən il Avropa Yenidənqurma və İnkişaf Bankının birbaşa AZIR-ə istinad edən dəyişən faizli istiqrazlar buraxmasını bu göstəricinin etibarlılığına verilən dəstək kimi qiymətləndirib.
AMB sədrinin sözlərinə görə, qurumun üç əsas prioriteti faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirmək, AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidini genişləndirməklə kapital və pul bazarlarını dərinləşdirmək, həmçinin məlumat analitikası və süni intellektdən istifadə etməklə proqnozlaşdırma imkanlarını təkmilləşdirməkdir. O, kommunikasiya məsələsini də mühüm prioritetlərdən biri kimi qeyd edib.
“Etibarlılıq mərkəzi bankın ən dəyərli aktividir”, - deyə T.Kazımov bildirib.
“2024–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nın icrasına toxunan AMB sədri qeyd edib ki, strategiya maliyyə sektorunun əsas seqmentləri üzrə ölçülə bilən prioritetlər əsasında hazırlanıb. Strategiyanın icra səviyyəsi 2024-cü ildə 81,8 faiz, 2025-ci ildə isə 85,6 faiz təşkil edib.
O bildirib ki, strategiya çərçivəsində faiz dərəcəsi kanalı vasitəsilə pul siyasətinin ötürülməsinin təkmilləşdirilməsi, maliyyə sektorunun sabitliyinin gücləndirilməsi, ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal maliyyə innovasiyalarının təşviqi və yaşıl taksonomiyanın tətbiqi istiqamətlərində işlər görülüb.
İqtisadiyyatın şaxələndirilməsi məsələsinə toxunan T.Kazımov qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının təxminən 70 faiz olduğunu bildirib. Onun sözlərinə görə, cari ilin ilk altı ayında tikinti sektorunda 13 faiz azalma qeydə alınsa da, nəqliyyat və logistika sahəsində 8 faiz, informasiya və rabitə sektorunda 7,5 faiz, qeyri-neft sənayesində isə 4,1 faiz artım olub.
AMB sədri qeyd edib ki, həmin dövrdə qeyri-neft sektoruna investisiyalar 5,5 faiz artıb. Bu artımın əsas hərəkətverici qüvvəsi özəl sektor investisiyalarının 20,8 faiz yüksəlməsi olub. Beləliklə, özəl sektor investisiyalarının artımı dövlət investisiyalarının 3,8 faiz azalmasını kompensasiya edib.
“Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyə bilər, lakin bu prosesi təmin edə bilməz. Biz bunun üçün zəruri şərait yarada bilərik: qiymət sabitliyi, məzənnə sabitliyi, sağlam bank sistemi və uzunmüddətli yığımları məhsuldar investisiyalara yönəldə bilən maliyyə bazarı”, - deyə T.Kazımov bildirib.
O əlavə edib ki, 2027–2030-cu illərin iqtisadi gündəliyində nəzərdə tutulan struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək. AMB-nin bu prosesə töhfəsi isə makroiqtisadi və maliyyə sabitliyini təmin etməkdir.
