Bakı. Trend:
Dövlət qulluqçuları üçün sertifikatın ikiillik müddətə verilməsi və bu müddət başa çatdıqdan sonra onun yenidən alınmasının tələb olunmaması nəzərdə tutulur. Eyni zamanda, 65 yaşına çatmış dövlət qulluqçularının qulluq müddətinin uzadılması zamanı subyektiv halların aradan qaldırılması üçün konkret və obyektiv meyarların tətbiqi vacibdir.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu cümə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Əli Hüseynli bildirib ki, dövlət qulluqçularına elmi və ya pedaqoji fəaliyyətlə məşğul olmaq hüququnun verilməsi məcəllədə nəzərdə tutulan mühüm məsələlərdən biridir. Onun sözlərinə görə, elmi fəaliyyət pedaqoji fəaliyyətdən ayrı nəzərdən keçirilə bilməz və buna görə də müvafiq maddədə hər iki fəaliyyət növü qeyd olunur.
Komitə sədri vurğulayıb ki, bu, dövlət qulluqçusuna verilən hüquqdur və məhz buna görə də dövlət qulluqçularının hüquqlarını müəyyən edən maddədə əksini tapır. Bununla yanaşı, dövlət qulluqçusunun əsas vəzifəsi dövlət orqanı tərəfindən ona həvalə edilmiş funksiyaları yerinə yetirməkdir.
“Dövlət qulluqçusu olduğuna görə dövlət orqanı rəhbərinin yazılı icazəsi zəruridir”, – deyə Əli Hüseynli qeyd edib.
O, dövlət qulluqçularının sertifikatlaşdırılması qaydasına da toxunub. Bildirib ki, mövcud qanunvericiliyə əsasən, dövlət qulluqçusuna verilən sertifikatın müddəti beş ildir. Sertifikatın müddəti yenidən uzadıldıqda ümumi müddət 10 ilə çatır, bundan sonra isə sertifikat ömürlük hesab olunmur.
Əli Hüseynlinin sözlərinə görə, yeni yanaşma dövlət qulluqçularının xeyrinədir. Təklifə əsasən, sertifikat iki il müddətinə veriləcək və bu müddət başa çatdıqdan sonra onun yenidən alınması tələb olunmayacaq.
“Dövlət qulluqçusu qarşısında məqsəd hazırlanıb formal olaraq sertifikat almaq olmamalıdır, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirməlidir və bu dövrdə onsuz da onun fəaliyyəti qiymətləndirilir”, – deyə komitə sədri bildirib.
O əlavə edib ki, yeni yanaşma ilə formal olaraq iki dəfə beşillik sertifikatlaşdırma tələbi aradan qalxır, əvəzində bir dəfə ikiillik sertifikat alınması nəzərdə tutulur. Bundan sonra sertifikatın yenidən alınması tələb edilməyəcək. Deputat hesab edir ki, bu, dövlət qulluqçuları üçün mövcud vəziyyətin yaxşılaşdırılması deməkdir.
Komitə sədri 65 yaşına çatmış dövlət qulluqçularının qulluq müddətinin uzadılması məsələsinə də münasibət bildirib.
O qeyd edib ki, hazırda qanunvericilikdə dövlət qulluqçuları, dövlət büdcəsindən maliyyələşən təşkilatların əməkdaşları, hüquq-mühafizə orqanlarının işçiləri və məhkəmə hakimiyyəti sistemində çalışan şəxslər üçün yaş məhdudiyyətləri mövcuddur. Lakin həmin kateqoriyalar üzrə yaş hədləri fərqlənir və 60, 70, 75 yaş və digər hədlər tətbiq edilir. Hazırda müzakirə olunan məsələ isə dövlət qulluğu və dövlət büdcəsindən maliyyələşən təşkilatlarla bağlıdır.
Əli Hüseynli bildirib ki, məcəllədə 65 yaşın tamam olmasından sonra qulluq müddətinin uzadılmasına dair irəli sürülən şərtlərə yenidən baxılması təklifləri səsləndirilib. Bununla belə, o, qanunvericilik təşəbbüsü subyektinin təklif etdiyi meyarların kifayət qədər dəqiq və faktlara əsaslandığını düşünür.
Onun sözlərinə görə, bu meyarlar sırasında dövlət təltifləri və dövlət qulluğu fəaliyyətinin qiymətləndirilməsi yer alır. Hər iki göstərici açıq, aydın və dövlət orqanının rəhbəri üçün konkret faktlar hesab olunur.
Komitə sədri qeyd edib ki, şəxsin əməkdar hüquqşünas və ya əməkdar mühəndis olması, yaxud dövlət qulluğunda fərqlənməyə görə medalla təltif edilməsi onun fəaliyyətinin və xidmətlərinin qiymətləndirilməsini göstərən amillərdir. Belə göstəricilər 65 yaş tamam olduqdan sonra həmin şəxsin qulluq müddətinin niyə uzadıldığı ilə bağlı sualların və şübhələrin yaranmasının qarşısını ala bilər.
Əli Hüseynli hesab edir ki, Dövlət Qulluğu Məcəlləsi qəbul edildikdən sonra bu sahə ilə əlaqəli digər məsələlər də nəzərdən keçirilməlidir. Xüsusilə dövlət büdcəsindən maliyyələşən digər müəssisələrdə yaş məhdudiyyətinin artırılması zamanı subyektiv halların aradan qaldırılması üçün müvafiq qanunvericilik məcəlləyə uyğunlaşdırılmalıdır.
“Burada göstərildiyi kimi konkret, aydın, şübhələri sıradan çıxaran faktlar ortaya qoyulmalıdır”, – deyə deputat vurğulayıb.
Əli Hüseynli dövlət qulluğuna qəbul zamanı xaricdə təhsil almış şəxslərə tətbiq edilən qaydalarla bağlı təklifləri də şərh edib. O bildirib ki, hazırda xaricdə dövlət proqramı çərçivəsində təhsil almış şəxslər dövlət qulluğuna qəbul edilərkən imtahandan azad olunurlar.
Komitə sədrinin sözlərinə görə, bu yanaşmanın əsas səbəbi dövlətin xaricdə təhsil alan şəxslərin Azərbaycana qayıdaraq ölkədə işləməsini təşviq etmək siyasətidir. O hesab edir ki, bu siyasət vaxtilə düzgün müəyyənləşdirilib və müsbət nəticələr verir.
Bununla yanaşı, Azərbaycanda da dünya səviyyəli təhsil müəssisələrinin fəaliyyət göstərdiyini bildirən Əli Hüseynli nümunə kimi Azərbaycan Diplomatiya Akademiyasını göstərib. Onun sözlərinə görə, ölkə daxilində təhsil almış şəxslərdə xaricdə təhsil alanlara üstünlük verilməsinin səbəbləri ilə bağlı suallar yaranırdı.
Deputat qeyd edib ki, bu məsələ hüquq bərabərliyi prinsipi ilə bağlıdır və müzakirələr zamanı qaldırılan təkliflərdən biri də məhz bu istiqamətdə olub.
O bildirib ki, məsələnin bir hissəsi yeni məcəllədə həllini tapır. Belə ki, xaricdə təhsil almış şəxslər əvvəlki qanunvericilikdən fərqli olaraq, bundan sonra dövlət qulluğunda irəliləmək üçün müsahibələrdən keçəcəklər.
Əli Hüseynli bu məsələni qaldıran deputatın yanaşmasını düzgün hesab etdiyini bildirib və gələcəkdə elə şəraitin yaranacağına ümid etdiyini deyib ki, həmin normaya ehtiyac qalmasın.
Komitə sədri digər məsələlərlə bağlı çıxış edən həmkarlarına yazılı şəkildə də izahat verildiyini diqqətə çatdırıb. O, müzakirələrdən əvvəl keçirilən qrup iclaslarında da məsələlərin ətraflı nəzərdən keçirildiyini bildirib.
Əli Hüseynli Dövlət Qulluğu Məcəlləsinin müzakirəsində iştirak edən deputatlara təşəkkür edərək onların qanun layihəsinə diqqətlə yanaşdıqlarını və maraqlı təkliflər irəli sürdüklərini vurğulayıb.
Onun sözlərinə görə, təkliflərin bir hissəsi nəzərə alınıb, digər hissəsi qəbul edilməsə də, müzakirələr baxımından əhəmiyyətli olub. Əsas məqsəd dövlət qulluğu ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsidir.
