Ağdam. Trend:
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir
Vətən müharibəsindən sonra ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.
Xidmətin mina əleyhinə hərbi hissəsinin komandiri, polkovnik-leytenant Süleyman Hüseynov Trend-in Qarabağ bürosuna bildirib ki, əməliyyatlar kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında və su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonunda minatəmizləmə işləri intensiv şəkildə davam etdirilir.
Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində şəxsi heyət müasir texnika və avadanlıqlarla, o cümlədən məsafədən idarə olunan “GCS-200” minatəmizləyən robotları ilə təchiz edilib. Əməkdaşlar müvafiq təlimlərdən keçərək akkreditasiyadan alıb, əməliyyatlarda xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun təlimatçısı, çavuş Fərid Rüstəmovün sözlərinə görə, itlərin iti qoxubilmə qabiliyyətini heç bir texnika tam əvəz edə bilməz. İtlər torpaq altında qalmış partlayıcı maddələri qoxu vasitəsilə aşkarlayaraq mina axtarışını sürətləndirir və təhlükəsizliyi artırırlar.
