Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "BlackRock" ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində “BlackRock” şirkətinin rəhbər heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizdə investisiya mühitinin daha da möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, kapital bazarının dərinləşdirilməsi, həmçinin maliyyələşmə mənbələrinin şaxələndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən nəzərdə tutulan prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
“BlackRock” ABŞ-də yerləşən və beynəlxalq miqyasda fəaliyyət göstərən investisiya idarəetmə şirkətidir. Şirkət institusional və fərdi müştərilər üçün aktivlərin idarə olunması, investisiya strategiyalarının hazırlanması və maliyyə bazarlarına çıxış imkanları təqdim edir. Onun müştəriləri arasında pensiya fondları, sığorta şirkətləri, maliyyə institutları və fərdi investorlar yer alır.
Şirkət müxtəlif investisiya məhsulları, o cümlədən səhmlər, istiqrazlar və birja ticarət fondları (ETF) üzrə həllər təklif edir. “BlackRock”un “iShares” brendi altında təqdim etdiyi birja ticarət fondları beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunur. Bu məhsullar investorların müxtəlif aktiv siniflərinə və bazarlara çıxışını asanlaşdırmaq məqsədi daşıyır.
Aktivlərin idarə olunması şirkətləri maliyyə bazarlarında vəsaitlərin müxtəlif investisiya alətləri arasında bölüşdürülməsində, portfellərin idarə edilməsində və institusional investorların maliyyə məqsədlərinin həyata keçirilməsində iştirak edirlər.
Azərbaycan Mərkəzi Bankının kapital bazarının dərinləşdirilməsi və maliyyələşmə mənbələrinin şaxələndirilməsi ilə bağlı prioritetləri fonunda “BlackRock” ilə keçirilən görüş investisiya idarəetməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi baxımından əhəmiyyət daşıyır.
