Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İran İslam Respublikasına 33,160 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 942 min ABŞ dolları olub.
Trend-in hesablamasına əsasən, İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 12,237 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 348 min ABŞ dolları, yaxud 1,6 dəfə artıb.
Eyni zamanda, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan İrandan 676 min ABŞ dolları dəyərində, 23,806 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57 min ABŞ dolları və ya 19,2%, həcm ifadəsində isə 2,011 milyon kVt/saat və ya 9,2% çoxdur.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İrana 319,039 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib. İxracın dəyəri 16,629 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı dəyər ifadəsində 36,1 milyon ABŞ dolları və ya 3,2 dəfə, fiziki ifadədə isə 600,9 milyon kVt/saat və ya 2,8 dəfə azalıb.
Bundan əlavə, cari ilin ilk səkkiz ayında Azərbaycan yuxarıda qeyd olunan ölkələrdən 143,724 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. İdxalın dəyəri 7,0945 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,146 milyon ABŞ dolları və ya 43,4%, həcm ifadəsində isə 28,1 milyon kVt/saat və ya 24,3% çoxdur.
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq son illərdə ticarət, nəqliyyat, enerji, tranzit və logistika istiqamətlərində ardıcıl şəkildə genişlənir. İki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı dərinləşdirir, eyni zamanda energetika sahəsində elektrik və təbii qaz mübadiləsi üzrə birgə layihələr həyata keçirilir.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sərhədyanı iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye əməkdaşlığı və investisiya layihələrinin təşviqi istiqamətində də əməkdaşlığı davam etdirirlər. Enerji sektoru isə iki ölkə arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır.
