Bakı. Trend:
Kanadanın neftlə zəngin Alberta əyalətində müstəqilliyi dəstəkləyənlər oktyabrın 18-də əyalətin paytaxtında bir araya gələrək sakinləri sabah oktyabrın 19-da gələcək müstəqillik referendumunun keçirilməsini dəstəkləməyə çağırıblar.
Separatçı hərəkatın tanınmış nümayəndələrindən biri olan Ceffri Rat Edmonton şəhərində əyalət parlamentinin qarşısında keçirilən mitinq zamanı bildirib: “Kanada Karninin (Baş nazir Mar Karni - red.) rəhbərliyi altında bizi uçuruma, qaranlıq bir dəliyə sürükləyir”.
O əlavə edib ki, Karni “ABŞ ilə münasibətlərimizi tamamilə məhv etdikdən sonra sözün əsl mənasında Avropa ilə birləşməyimizi istəyir”. O, bununla Avropa İttifaqı ilə Kanada arasında son vaxtlar başlanan yaxınlaşmaya işarə edib.
Rəy sorğularına görə, Albertanın qərbində yaşayan beş milyon sakininin yalnız 25 faizi Kanadadan ayrılmağın tərəfdarıdır. Bununla belə, bu həftə əyalətdə Kanadanın birliyini qətiyyətlə müdafiə edərək seçki kampaniyasına şəxsən qoşulan Mark Karni ölkənin birliyini dəstəkləyənlərin seçkilərdə kifayət qədər fəal iştirak etməməsi riskindən xəbərdarlıq edib.
“Bu, təhlükəli yalandır. Söhbət poker oyunundan getmir, söhbət ölkəmizin gələcəyindən gedir”, — deyə Karni ötən gün yayımlanan televiziya proqramında bir daha vurğulayıb. Onun bu sözləri "X" hesabında paylaşılmış veriliş fraqmentində yer alıb.
Albertanın sakinləri sabah əyalət hökumətinə gələcəkdə müstəqilliklə bağlı hüquqi qüvvəyə malik referendum təşkil etmək səlahiyyətinin verilib-verilməməsinə qərar verməlidirlər.
Bir neçə il əvvəl cəmiyyətdə marjinal mövqeyə malik olan Albertanın separatçı hərəkatı may ayında müstəqilliklə bağlı xalq təşəbbüsü əsasında referendum keçirilməsinə nail olmaq üçün kifayət qədər imza toplamağa müvəffəq olub. Lakin yerli hakim məhkəmə konstitusion əsaslara görə həmin təşəbbüsü ləğv edib.
Əyalətin mühafizəkar lideri, müstəqilliyə qarşı olduğunu bildirən, lakin partiyasında separatçıların da yer aldığı Daniel Smit isə oktyabrın 19-da öz təşəbbüsü ilə ayrıca səsvermə keçirmək qərarına gəlib.
Bundan əlavə, Kanada fransızdilli Kvebek əyalətində də yeni müstəqillik meyilləri ilə üzləşir. Oktyabrın əvvəlində keçirilən seçkilərdə qalib gələn Kvebek Partiyası müstəqilliklə bağlı yeni referendum təşkil edəcəyinə söz verib.
