Enerji keçidi dünya iqtisadiyyatına 47 trilyon dollar həcmində əlavə artım gətirə bilər

İqtisadiyyat Xəbər 17 Oktyabr 2026 17:10 (UTC +04:00)
Enerji keçidi dünya iqtisadiyyatına 47 trilyon dollar həcmində əlavə artım gətirə bilər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması ssenarisinin həyata keçirilməsi şəraitində enerji keçidinin sürətləndirilməsi 2050-ci ilədək dünya iqtisadiyyatına ümumilikdə təxminən 47 trilyon dollar əlavə artım gətirə bilər.

Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) saytında dərc olunan “Qlobal Enerji Keçidinə Baxış – 2026” hesabatında bildirilib.

Hesabata əsasən, bu ssenari çərçivəsində dünya üzrə ümumi daxili məhsulun (ÜDM) orta illik həcmi mövcud siyasətin davam etdirildiyi ssenari ilə müqayisədə təxminən 1,1 faiz çox olacaq.

IRENA qeyd edir ki, enerji sisteminin daha dərin transformasiyasını nəzərdə tutan alternativ ssenari (DES) çərçivəsində 2050-ci ilədək dünya ÜDM-nin orta səviyyəsi mövcud siyasət ssenarisi (PES) ilə müqayisədə təxminən 0,7 faiz yüksək olacaq. Bu halda ümumi iqtisadi qazancın təxminən 32 trilyon dollar təşkil edəcəyi gözlənilir.

İqtisadi artımın əsas amili bərpaolunan enerjiyə, elektrikləşməyə, elektrik şəbəkələrinə və enerji səmərəliliyinin artırılmasına investisiyaların genişləndirilməsi olacaq. Bu istiqamətlər tikinti, emal sənayesi, mühəndislik xidmətləri, elektrik enerjisi istehsalı və biznes xidmətləri sektorlarının inkişafına təkan verəcək.

Bununla yanaşı, iqtisadiyyatın strukturu tədricən dəyişəcək: qalıq yanacaqların hasilatı və emalı ilə bağlı fəaliyyətin payı azalacaq, yüksək əlavə dəyər yaradan avadanlıqların istehsalı, elektrik enerjisi infrastrukturu və enerji keçidi ilə əlaqəli xidmətlər isə daha böyük əhəmiyyət qazanacaq.

Hesabatda, həmçinin bərpaolunan enerjinin inkişafının son istehlakçılar üçün elektrik enerjisinin qiymətinin azalmasına töhfə verə biləcəyi vurğulanır.

“DES ssenarisi çərçivəsində elektrik enerjisinin orta qiymətləri 2035-ci ilədək mövcud siyasət ssenarisi ilə müqayisədə təxminən 9 faiz, 2050-ci ilədək isə 15 faiz aşağı ola bilər. Bu, bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisinin payının artması və qalıq yanacaqların qiymətlərindən asılılığın azalması ilə izah olunur”, – deyə hesabatda bildirilir.

IRENA-nın qiymətləndirməsinə görə, DES ssenarisi çərçivəsində 2050-ci ilədək bərpaolunan enerji sektorunda məşğulluğun təxminən 84,2 milyon iş yerinə çatacağı gözlənilir. Bu, mövcud siyasətin davam etdirildiyi ssenari ilə müqayisədə 60 faiz çoxdur. Sektorda ən böyük işəgötürən günəş enerjisi sahəsi olaraq qalacaq. Bu sahədə iş yerlərinin sayının təxminən 38,3 milyona çatacağı proqnozlaşdırılır.

Elektrik enerjisi sistemlərinə, enerji səmərəliliyinin artırılmasına, infrastruktura və yeni texnologiyalara investisiyalar hesabına bütövlükdə enerji sektorunda məşğulluğun da artacağı gözlənilir.

Bununla yanaşı, hesabatda vurğulanır ki, enerji keçidinin iqtisadi üstünlükləri ölkələr arasında qeyri-bərabər bölüşdürüləcək. Sənaye bazası inkişaf etmiş ölkələr təmiz enerji texnologiyaları üçün avadanlıqların istehsalından və müvafiq xidmətlərin göstərilməsindən əhəmiyyətli fayda əldə edə biləcəklər.

Qalıq yanacaqlardan asılı olan iqtisadiyyatlar isə onların hasilatı və emalından əldə olunan gəlirlərin, eləcə də bu sahələrdə məşğulluğun azalması ilə əlaqədar daha ciddi struktur dəyişiklikləri ilə üzləşəcəklər.

İnkişaf etməkdə olan ölkələr də investisiyalar hesabına əhəmiyyətli iqtisadi səmərə əldə edə bilərlər. Lakin bunun üçün onlar öz istehsal imkanlarını genişləndirməli və texnologiyaların idxalına əsaslanmaq əvəzinə, qlobal dəyər zəncirlərinə daha fəal inteqrasiya olunmalıdırlar.

Bu baxımdan, agentlik sənaye siyasətinin artan rolunu vurğulayır. IRENA-nın qiymətləndirməsinə görə, ölkələr qlobal təchizat zəncirlərinin bütün mərhələlərini müstəqil şəkildə yaratmağa çalışmaq əvəzinə, kadr hazırlığına, istehsal güclərinə, innovasiyalara və rəqabətqabiliyyətli sahələrə investisiya yatırmaqla milli və regional səviyyələrdə rəqabət üstünlüklərini inkişaf etdirməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti