Bakı. Trend:
Ölkəmizdə dini etiqadlara dövlətimizin və cəmiyyətimizin kifayət qədər mütərəqqi münasibəti var.
Bunu Trend-ə açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Sənan Həsənov deyib.
O qeyd edib ki, Azərbaycanda etiqadlar və inanclar sərbəst şəkildə ifadə olunur.
"Manipulyasiyaya cəhd edən qrupların səsləndirdiyi fikirlər göstərir ki, onlar cahilliyin və fanatizmin təsiri altına düşüblər. Həmin şəxslər hüquqi, dünyəvi dövlətin və onun qaydalarının məqsədli şəkildə əleyhinə çıxmaqla Azərbaycanı gözü götürməyən qüvvələrin ideoloji hücum kampaniyasına rəvac verməyə cəhd göstərirlər. Təhsil dünyəvidir, xalqın gələcəyidir. Təhsil normaları və tələbləri dövlətimizin qanunları ilə tənzimlənir", - deyə o bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Esmira Fuad isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil sisteminin dünyəvilik prinsipləri əsasında qurulması, məktəblərdə müəyyən edilmiş qaydalara əməl olunması daim cəmiyyətimizi düşündürən mühüm məsələlərdən olub.
“Bu günlərdə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələr yenidən gündəmə gətirilib. Əlbəttə, dünyəvilik prinsiplərinə əsaslanan vahid məktəbli formasının şagirdlərin dərsi mənimsəməsinə əks təsir göstərəcəyinə inanmıram. Əksinə, vahid formanın əlavə elementlər olmadan tətbiqi şagirdlər arasında ayrı-seçkilik, birinin digərindən üstün görünməsi məsələsini arxa plana keçirir və yox dərəcəsinə endirir. Eyni zamanda, müəllimlərin də ciddi, səliqəli və estetik görünüşlü geyimlərdən istifadə etməsinin və Nazirlər Kabinetinin qərarında şagirdlərdə olduğu kimi, müəllimlərin geyimində də dünyəvilik prinsipi tələbinin qoyulmasının tərəfdarıyam.
Baş verən fikir ayrılıqlarının mərkəzində müdaxiləçi qüvvələrin dəstəyinin olduğunu düşünürəm. Qazandığımız uğurlar, möhtəşəm qələbəmiz, Azərbaycan torpaqlarının azad olunması və bütövləşməsi bir çoxlarının gözünə ox kimi batmaqdadır və Azərbaycanımızı sevməyən, uğurlarını gözü götürməyən, düşmən dəyirmanına su tökən şər qüvvələrin dəstəyi ilə bu halların körükləndiyi aydındır”, - deyə o vurğulayıb.
O bildirib ki, Azərbaycan qanunlarla idarə olunan müstəqil dövlətdir:
“Qanunlarımız alidir. Bunu hər kəs başa düşməlidir. O qanunlardan çıxmaq istəyənlər anlamalıdırlar ki, bu qanunlar yaşından və mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan türkünə eyni dərəcədə şamil olunur. XX əsrin əvvəllərində Mirzə Cəlil Məmmədquluzadələr, Üzeyir Hacıbəylilər, Sabirlər, Əli bəy Hüseynzadələr, daha sonralar isə Sevil və Almaz obrazları vasitəsilə qadınların azadlığı, təhsili və elmə yiyələnməsi məsələləri gündəmə gətirilirdi. Mən hər kəsi müəyyən edilmiş qaydalara, qanunlara əməl etməyə çağırıram. Bu qaydalara əməl etmək hər bir Azərbaycan vətəndaşının, yaşından asılı olmayaraq, borcudur, məhz vətəndaşlıq borcudur”, - deyə o əlavə edib.
