Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,78 ABŞ dolları və ya 2,33% ucuzlaşaraq 116,26 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,07 dollar və ya 2,83% ucuzlaşaraq 105,42 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,08 dollar və ya 1,29% azalaraq 82,32 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 9,39 dollar və ya 7,45% azalaraq 116,59 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 100 dolları ötüb.
"Təchizatın məhdudlaşması və gəmiçilik sektorunun yanacağa yüksək tələbatı fonunda qiymətlər bu həftə ərzində 11%-dən çox artıb.
İstehsalçılar Hörmüz boğazından yüklərin daşınması zamanı artan fraxt tarifləri və risk mükafatları ilə üzləşirlər. Bu isə regiondan gələcək neft tədarükü ilə bağlı qeyri-müəyyənliyi artırır. İranın boğazda neft tankerlərinə endirdiyi zərbələr neft axınını kəskin azaldıb. Oktyabrın 13-də başa çatan həftədə orta gündəlik neft axını əvvəlki baza göstəricisi olan 17,15 milyon bareldən 11,62 milyon barelə düşüb.
Fars körfəzində təhlükəsizlik riskləri neft qiymətlərinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Eyni zamanda, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücumları yanacaq təchizatını daha da məhdudlaşdırıb.
Bundan əlavə, oktyabrın 9-da başa çatan həftədə ABŞ-nin xam neft ehtiyatları 8,56 milyon barel azalıb", - məlumatda qeyd edilib.
