Bakı. Trend:
Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
2020-ci il oktyabrın 17-də Füzulinin işğalçılardan təmizlənməsi
Azərbaycan Ordusunun müzəffər yürüşünün daha da sürətlənməsi üçün
əlverişli zəmin formalaşdırdı. Cəbrayıl və Hadrutdan sonra
Füzulinin də geri alınması göstərirdi ki, düşmən üzərində tam
qələbə uzaqda deyil.
Füzuli işğaldan öncə Azərbaycanın abad rayonlarından biri idi. Lakin 1993-cü ilin avqustunda rayonu işğal edən ermənilər burada daşı daş üstə qoymamışdılar. İşğal dövründə Füzuli şəhəri və rayonun bütün kəndləri yerlə yeksan olunmuş, təbii sərvətləri talanmışdı. Azad olunandan sonra Füzulidə qarşılaşdığımız ağır və acınacaqlı mənzərə erməni xislətinin əsl mahiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu torpaqlardan vəhşi qəbilə keçmişdi.
Qeyd etmək lazımdır ki, Füzuli rayonunun ərazisi əsasən düzənlik olduğu üçün işğal dövründə ermənilər burada olduqca mürəkkəb və gücləndirilmiş müdafiə qurğuları yaratmışdı. Lakin qəhrəman ordumuz müharibənin ilk saatlarında və ilk həmlədə düşmənin buradakı mövqelərini yarmışdı. Təsadüfi deyil ki, 2020-ci il sentyabrın 27-də azad olunan 5 kənddən 3-ü Qaraxanbəyli, Qərvənd və Horadiz Füzulinin kəndləridir. Ordumuz Vətən savaşında ilk şəhidini də Füzuli rayonunun ərazisində verib.
Ümumiyyətlə, Füzulinin azad edilməsi əməliyyatı Vətən müharibəsinin ən ağır döyüşlərindən biri olub. Bu döyüşlər Vətən müharibəsi günlərində Azərbaycan Ordusunun qüdrətinin təcəssümünə çevrilmiş, qəhrəman əsgər və zabitlərimizin qarşısında tab gətirməyən düşmən silahını yerə qoyub qaçmışdı. Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində ordumuzun qazandığı böyük strateji uğur olmuş, xalqımızın zəfər ovqatını daha da gücləndirmişdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Füzuli şəhərinin azad olunduğu 17 oktyabr tarixi isə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında”31 iyul 2023-cü il tarixli sərəncamına əsasənFüzuli şəhəri günü kimi qeyd edilir.
Füzuli həm də Vətən müharibəsinin başa çatmasından sonra ilk quruculuq layihələrinin təməlinin qoyulduğu rayonlardan biridir. 2020-ci il noyabrın 16-da, Vətən müharibəsinin başa çatmasından cəmi 6 gün sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuliyə səfər edən Prezident İlham Əliyev 101 km-lik Zəfər yolunun təməlini qoymuşdu.
Ötən 6 ildə isə rayonda nəinki təməli qoyulan, başa çatdırılan layihələrin sayı-hesabı yoxdur. Təsadüfi deyil ki, Füzuli Böyük Qayıdışın sürətlə reallaşdığı rayonlardan biridir.
İndiyədək rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Həmçinin artıq istifadədə olan Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları da rayon ərazisindəki quruculuğun nümunələridir. Rayondakı quruculuğun ən möhtəşəm ünvanlarından biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərinin əzəmətinin bütün dünyaya nümayiş etdirir.
Artıq Füzuli sakinlərinin yurd həsrətinə son qoyulub. Yenidən qurulan Füzuli şəhəri işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın ən gözəl nümunələrindən biridir. Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə burada çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub. 2023-cü il avqustun 18-dən isə şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Ötən 3 ildə Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb və bu proses artan templə davam edir.
İndiyədək Füzuli şəhərində ikinci və üçüncü yaşayış kompleksinin, 960 şagird yerlik məktəb binasının, 240 yerlik uşaq bağçasının, 180 çarpayılıq xəstəxananın, Peşə Liseyinin, idman kompleksinin təməli qoyulub. Bundan başqa, rayonun Dövlətyarlı, Pirəhmədli, Dədəli, Cuvarlı, Qoçəhmədli, Qarğabazar, Qaraxanbəyli kəndləri də yenidən qurulur. Tezliklə bu kəndlərin hər biri doğma sakinlərini qarşılayacaq.
Onu da qeyd edim ki, Füzuli son 6 ildə Prezident İlham Əliyevin ən çox səfər etdiyi rayonlardan biridir. Dövlət başçısının hər səfəri rayonda müxtəlif infrastruktur layihələrinin təməllərinin qoyulması və istifadəyə verilməsi ilə əlamətdar olub.
Füzuli şəhərinin bərpasında qardaş türk dövlətləri də öz töhfələrini veriblər. Belə ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Qazaxıstan tərəfindən isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılıb. Həm orta məktəb, həm də Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycanın Özbəkistan və Qazaxıstanla dostluğunun rəmzinə çevrilib.
Altı il böyük zaman kəsiyi deyil. Lakin bu müddətdə Füzuli şəhərində və rayonun digər ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası Azərbaycanın qüdrətini, dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasını aydın şəkildə nümayiş etdirir. Bir vaxtlar düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş Füzulidə bu gün yeni yollar çəkilir, müasir yaşayış kompleksləri, məktəblər, səhiyyə və sosial obyektlər inşa olunur. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıdır, uşaqlar doğma torpaqlarında təhsil alır, ailələr yeni həyata başlayırlar.
Füzulinin bərpası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin quruculuq əzminin və Zəfərimizin təntənəsidir. Qarşıdakı illərdə Füzulidə quruculuq işləri davam etdiriləcək və bu qədim diyar Azərbaycan yüksəlişinin parlaq nümunəsi kimi hər birimizi fərəhləndirəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı