Bakı.Trend:
Əsas ticarət marşrutlarında gəmiçilikdə yaranan fasilələr qlobal enerji və ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır.
TASS-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (BVF) Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (BVMK) sədri Məhəmməd bin Abdullah əl-Cədaan Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının payız sessiyasında bildirib.
"Müharibələr və münaqişələr ağır humanitar nəticələrə, eləcə də ciddi iqtisadi xərclərə və əlavə mənfi təsirlərə səbəb olur. Ən mühüm su yollarında və ticarət marşrutlarında yaranan fasilələr də enerji və ərzaq təhlükəsizliyinə təhdid yaradır. Ticarət sahəsində gərginlik və təchizat zəncirlərindəki pozuntular qeyri-müəyyənliyi və qiymətlərə təzyiqi artırır”, – deyə o bildirib.
Əl-Cədaan qeyd edib ki, BVMK iştirakçıları enerji daşıyıcılarının etibarlı və dayanıqlı təchizatının təmin edilməsinin, eləcə də gəmiçilik azadlığı prinsiplərinə riayət olunmasının qlobal iqtisadi sabitliyin əsas şərtləri olduğunu vurğulayırlar.
Nazirin sözlərinə görə, dövlət borcunun yüksək səviyyədə olması və suveren istiqrazların gəlirliliyinin artması ölkələrin maliyyə həssaslığını daha da artırır və maliyyələşmə şərtlərinin sərtləşməsinə səbəb olur.
“Bununla yanaşı, süni intellekt məhsuldarlığın artırılması üçün geniş imkanlar yaradır. Lakin bir çox hallarda olduğu kimi, bunun da əks tərəfi var. Süni intellektdən istifadə iqtisadi bərabərsizliyin dərinləşməsinə səbəb ola biləcək risklərlə müşayiət olunur. Bu problemlər xüsusilə aşağı gəlirli ölkələrdə və qeyri-sabit vəziyyətdə olan dövlətlərdə daha kəskin xarakter daşıyır”, – deyə o əlavə edib.
