Bakı. Trend:
Qvatemalada korrupsiyanı və cinayətkar qruplaşmalarla siyasi vəzifəli şəxslər arasında ehtimal olunan əlaqələri ifşa edən keçmiş prokuror oktyabrın 17-də paytaxt Qvatemalada güllələnərək öldürülüb.
Bu barədə Qvatemala polisi məlumat verib.
Vəkil kimi fəaliyyət göstərən 43 yaşlı keçmiş prokuror Xuan Fransisko Solorsano Foppa sosial şəbəkələrində siyasi xadimləri, iş adamlarını və mütəşəkkil cinayətkarlıq nümayəndələrini birləşdirdiyi ehtimal olunan cinayət şəbəkəsini — onun özünün «korrupsionerlərin paktı» adlandırdığı qurumu — açıq şəkildə ifşa edirdi.
Polisin məlumatına görə, cənab Foppa həftəsonları mütəmadi olaraq getdiyi futbol meydançasında güllələnib. Polis qətldə şübhəli bilinən iki nəfərin, o cümlədən keçmiş hərbçinin saxlanıldığını açıqlayıb. Atışma zamanı idman federasiyasının əməkdaşı da öldürülüb. Keçmiş prokuror, xüsusilə, müxalifətə mənsub siyasi xadimləri Qvatemalada fəaliyyət göstərən Barrio 18 cinayətkar dəstəsinin rəhbəri, yüksək təhlükəsizlik rejimli həbsxanada saxlanılan "El Lobo" ləqəbli Aldo Oçoa ilə əlaqələr saxlamaqda ittiham edirdi.
Foppa son paylaşımlarından birində sentyabr ayında ölkənin şərqində səkkiz nəfərin ölümünü "Qvatemala ordusunun dəstəklədiyi Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu döyüşçülərinin müdaxiləsi" ilə əlaqələndirmişdi. Rəsmi məlumata görə, həmin şəxslər narkotik qaçaqmalçıları arasında baş verən silahlı toqquşmalar zamanı öldürülmüşdülər. O, həmçinin ötən il Barrio 18 dəstəsinin təxminən 20 üzvünün yüksək təhlükəsizlik rejimli həbsxanadan qaçmasını da tənqid etmişdi. Bu hadisə Qvatemalada böhrana səbəb olmuş və təhlükəsizlik sahəsində ən yüksək vəzifəli şəxslərin vəzifədən azad edilməsi ilə nəticələnmişdi.
Foppa, həmçinin çirkli pulların yuyulmasında ittiham olunaraq iki il həbsdə saxlanılmış jurnalist Xose Ruben Samoranın vəkili kimi onun müdafiəsini həyata keçirmişdi. İnsan hüquqları və media azadlığını müdafiə edən təşkilatların fikrincə, Samora korrupsioner siyasətçiləri ifşa etdiyinə görə təqiblərə məruz qalmışdı.
Qvatemala Prezidenti Bernardo Arevalo qətli pisləyib. O, X sosial şəbəkəsində yazıb: «Qətli törədənlər də, onun sifarişçiləri də məsuliyyətə cəlb edilməli və qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdırlar».
ABŞ-nin Qvatemaladakı səfirliyi də bu «dəhşətli qətli» pisləyib. Səfirliyin X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib: "Hadisənin bütün təfərrüatlarının üzə çıxarılmasına imkan verəcək hərtərəfli və şəffaf araşdırma aparılacağını gözləyirik".