Bakı. Trend:
ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində inək daşıyan yük maşını aşıb. Qəza nəticəsində onlarla heyvan tələf olub.
Bu barədə “Associated Press” (AP) agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, yük maşını yolötürücüdən çıxaraq aşağıda hərəkət edən başqa bir avtomobilin üzərinə düşüb. Hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarətlər alıb və onlara tibbi yardım göstərilib. Hadisə səbəbindən bir neçə yol bağlanıb.
Kanzas-Siti hüquq-mühafizə orqanlarının məlumatına görə, yük maşınında 130-dək heyvan daşınıb və onlardan 45-60-nın tələf olduğu ehtimal edilir. Sağ qalan inəklər ətrafa qaçaraq nəqliyyatın hərəkətinə mane olub. Bu isə əlavə yol-nəqliyyat hadisələrinə və polisə çoxsaylı müraciətlərə səbəb olub.
Dronların köməyi ilə bütün heyvanların yerini müəyyənləşdirmək mümkün olub.