Bakı. Trend:
Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək Zeytun Festivalı ziyarətçiləri müxtəlif zeytun məhsulları ilə tanış etməklə yanaşı, həm də maraqlı konsert proqramı ilə qarşılayacaq.
Tanınmış müğənnilər və musiqi qrupları günorta və axşam konsertləri ilə Bakı Bulvarında payız bayramı ovqatı yaşadacaq.
Oktyabrın 23-də dinamik ritmləri ilə tanınan DJ Kamo səhnədə olacaq.
Növbəti gün - oktyabrın 24-də musiqi proqramı sevilən ifaçı Rilayanın çıxışı ilə başlayacaq. Daha sonra səhnə digər tanımış müğənni Mərdan Kazımovun ixtiyarına veriləcək.
Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısına çıxacaq.
Oktyabrın 25-də günorta konserti “Wave band” qrupunun çıxışı ilə açılacaq. Sonra isə musiqi proqramı Teymur Süleymanbəylinin, “Excellent band” qrupunun ifaları ilə davam edəcək.
Festivalın sonuncu günü axşam konsertində Azad Şabanov, Zamiq Hüseynov səhnəyə çıxacaqlar. Xalq artisti Aygün Kazımova isə öz ifası ilə festivalın musiqi proqramına yekun vuracaq.
Beləliklə, festival şəhər sakinləri və paytaxtımızın qonaqları üçün zeytun məhsulları ilə tanış olmaq, açıq havada konserti dinləmək, ailə üzvləri və dostları ilə xoş vaxt keçirmək imkanı yaradacaq.
Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Üç gün davam edəcək festival ərazisinə giriş ödənişsizdir.
Festivalın iş saatları və konsert proqramlarının saatı barədə ətraflı məlumat instagram səhifəsində elan olunacaq:
