Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb, Rusiya və ABŞ-la ticarət dövriyyəsində isə azalma qeydə alınıb.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə açıqladığı məlumata əsasən hesablama aparıb.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı İtaliya olub. İtaliya ilə ticarət dövriyyəsi 9,189 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 8,905 milyard dollar olub. Beləliklə, bir il ərzində İtaliya ilə ticarət dövriyyəsi 284,2 milyon dollar və ya 3,2 faiz artıb.
Türkiyə 4,329 milyard dollarla Azərbaycanın ikinci əsas ticarət tərəfdaşı olub. 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyə ilə ticarət dövriyyəsi 4,335 milyard dollar təşkil edib. Bununla da göstərici illik müqayisədə 6,4 milyon dollar və ya 0,1 faiz azalıb.
Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında ən yüksək artımı göstərib. 2025-ci ilin ilk doqquz ayında bu ölkə ilə ticarət dövriyyəsi 955,5 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 3,721 milyard dollara yüksəlib. Beləliklə, Böyük Britaniya ilə ticarət dövriyyəsi 2,765 milyard dollar və ya 3,9 dəfə artıb. Nəticədə Böyük Britaniya siyahıda 7-ci yerdən 3-cü yerə yüksəlib.
Çin 3 milyard 459,3 milyon dollarla dördüncü əsas ticarət tərəfdaşı olub. Çinlə ticarət dövriyyəsi əvvəlki ilin 3,4 milyard dollarlıq göstəricisi ilə müqayisədə 59,4 milyon dollar və ya 1,7 faiz artıb.
Rusiya ilə ticarət dövriyyəsi isə 3,659 milyard dollardan 2,684 milyard dollara enib. Bu, 974,7 milyon dollar və ya 26,6 faiz azalma deməkdir. Beləliklə, Rusiya 2025-ci ildə siyahıda üçüncü yerdə olduğu halda, 2026-cı ilin yanvar-sentyabr aylarında beşinci yerə düşüb.
Almaniya ilə ticarət dövriyyəsi 1,103 milyard dollardan 983,6 milyon dollara azalaraq 10,8 faiz geriləyib. Buna baxmayaraq, Almaniya TOP 10-da altıncı mövqeyini qoruyub.
Çexiya ilə ticarət dövriyyəsi isə 758,4 milyon dollardan 958,2 milyon dollara yüksəlib. Artım 199,9 milyon dollar və ya 26,4 faiz təşkil edib. Nəticədə Çexiya 2025-ci ildəki səkkizinci mövqedən yeddinci yerə yüksəlib.
Gürcüstanla ticarət dövriyyəsi 624 milyon dollardan 888 milyon dollara çatıb. Bu, 264 milyon dollar və ya 42,3 faiz artım deməkdir. Gürcüstan da TOP 10-da 10-cu yerdən səkkizinci yerə yüksəlib.
ABŞ ilə ticarət dövriyyəsi isə 1,1 milyard dollardan 759,6 milyon dollara düşüb. Beləliklə, ABŞ üzrə göstərici 250,4 milyon dollar və ya 24,8 faiz azalıb. ABŞ 2025-ci ildə TOP 10-da altıncı olduğu halda, 2026-cı ilin yanvar-sentyabr aylarında doqquzuncu sırada qərarlaşıb.
TOP 10-luğa yeni daxil olan ölkə Rumıniyadır. 2026-cı ilin yanvar-sentyabr aylarında Rumıniya ilə Azərbaycanın ticarət dövriyyəsi 720,5 milyon dollar təşkil edib. Ötən ilin TOP 10-luğunda olan Yunanıstan isə 2026-cı ildə ilk onluqda yer almayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib.
Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.
Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın, 13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 10,519 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.
