Bakı. Trend:
İçərişəhərdə fəaliyyətə başlayan innovativ və immersiv “Time Pavilion” muzeyində yerli sakinlər üçün pulsuz ziyarət günləri təşkil olunacaq.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bazar ertəsi muzeyin açılışında Trend-in sualını cavablandırarkən deyib.
O bildirib ki, virtual reallıq texnologiyası vasitəsilə muzeyin ziyarətçiləri Bakının 1919-cu il mənzərəsi ilə tanış olmaq, həmin dövrün ab-havasını hiss etmək imkanı qazanacaqlar.
“Bu muzey İdarənin “Ağıllı qoruq” konsepsiyasının bir hissəsidir. Müasir texnologiyalar vasitəsilə ziyarətçilərin yeni təəssüratlar yaşamasına şərait yaradırıq. Muzey bu gündən fəaliyyətə başlayır və inanırıq ki, İçərişəhərin mühüm ziyarət məkanlarından birinə çevriləcək”, – deyə sədr qeyd edib.
Bilet qiymətləri ilə bağlı sualı cavablandıran R.Mahmud bildirib ki, İçərişəhərdə bilet siyasəti yenilənir, bir neçə paket yenidən hazırlanıb. Azərbaycan vətəndaşları üçün güzəştli bilet qiymətləri tətbiq olunur.
Onun sözlərinə görə, İçərişəhər sakinləri üçün nəzərdə tutulan proqram müxtəlif tədbirləri də əhatə edir və sakinlər üçün ayrıca pulsuz ziyarət günləri təşkil olunacaq.
