Bakı. Trend:
İçərişəhərdə keçmişə səyahət etmək üçün yeni məkan yaradılıb. Burada müasir texnologiyalar ziyarətçiləri bir əsrdən çox geriyə – Bakının 1919-cu ildəki küçələrinə aparır. Yeni açılan “Time Pavilion” immersiv muzeyi şəhərin tarixini interaktiv şəkildə təqdim edir.
Trend-in müxbiri xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzeydə virtual reallıq vasitəsilə həmin dövrün Bakı mənzərəsi canlandırılıb. Layihə ziyarətçilərə tarixi məlumatlarla tanış olmaqla yanaşı, keçmişin ab-havasını hiss etmək imkanı yaradır.
Açılışda jurnalistlərə açıqlama verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, muzey “Ağıllı qoruq” konsepsiyasının bir hissəsidir.
Onun sözlərinə görə, məqsəd müasir texnologiyaların köməyilə İçərişəhəri ziyarət edənlərə yeni təəssüratlar yaşatmaqdır.
“Bu muzey İdarənin “Ağıllı qoruq” konsepsiyasının bir hissəsidir. Müasir texnologiyalar əsasında ziyarətçilərin yeni təəssüratlar yaşamasına şərait yaradırıq. İnanırıq ki, muzey İçərişəhərin mühüm ziyarət məkanlarından birinə çevriləcək”, – deyə R.Mahmud qeyd edib.
İdarə Heyətinin sədri muzeyə giriş və sakinlər üçün güzəştlər məsələsinə də aydınlıq gətirib. O bildirib ki, İçərişəhərdə bilet siyasəti yenilənir, bir neçə bilet paketi yenidən hazırlanıb. Azərbaycan vətəndaşlarına güzəştli qiymətlər tətbiq olunur.
İçərişəhər sakinləri üçün isə müxtəlif tədbirlərlə yanaşı, ayrıca pulsuz ziyarət günlərinin təşkili nəzərdə tutulur.
Muzeyin təsisçisi Vahid İbrahimovun sözlərinə görə, keçmişə səyahət konsepsiyası əsasında qurulan layihənin hazırlanması iki ilə yaxın vaxt aparıb. Komandanın qarşısında duran əsas vəzifələrdən biri 1919-cu ilin Bakısını tarixi mənbələrə uyğun canlandırmaq olub.
“Ən çətin işlərdən biri həmin dövrə aid tarixi faktları araşdırmaq, fotoşəkilləri tapmaq və küçələrin görünüşünü düzgün yaratmaq idi. Komandamızla iki ilə yaxındır bu layihə üzərində çalışırıq. Artıq nəticəni ziyarətçilərə təqdim edirik və düşünürəm ki, onlar bunu bəyənəcəklər”, – deyə təsisçi bildirib.
“Time Pavilion”da səyahət virtual reallıq təcrübəsi ilə yekunlaşmır. Digər otaqlarda Bakının mətbuat və neft tarixinə dair məlumatlar təqdim olunur. Beləliklə, ziyarətçilər şəhərin həmin dövrdəki görünüşü ilə yanaşı, onun ictimai və iqtisadi həyatını formalaşdıran sahələrlə də tanış olurlar.
V.İbrahimov bildirib ki, hazırda təqdim olunan məkan layihənin ilk pavilyonudur. Onun davamı olacaq ikinci pavilyonun gələn ilin ortalarında açılması planlaşdırılır. Yeni ekspozisiya mövcud muzeyin aşağı mərtəbəsində yerləşəcək.
“İlk mərhələdə həmin dövrün Bakısı haqqında ümumi məlumat veririk. Növbəti mərhələdə isə ziyarətçi artıq şəhərə daxil olacaq. O, özünü şəhər sakini kimi hiss edəcək, otaqdan-otağa keçərək həmin dövrün gündəlik həyatında görülən işləri interaktiv şəkildə təcrübədən keçirəcək”, – deyə muzeyin təsisçisi vurğulayıb.
Layihənin sonrakı illərdə də genişləndirilməsi nəzərdə tutulur. Ziyarətçilərə fərqli tarixi dövrlərə səyahət etmək imkanı yaradılacaq.
“Time Pavilion” İçərişəhərin tarixi mühitində Bakının keçmişini müasir texnologiyalarla tanıdan yeni məkan kimi fəaliyyətə başlayır. İlk səyahətin ünvanı 1919-cu ilin Bakısıdır, qarşıdakı mərhələlərdə isə bu zaman xəritəsi daha da genişlənəcək.
