Bakı. Trend:
Hafiz İsmayılbəyli yenidən Hesablama Palatasının auditoru təyin ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 20-də keçiriləcək iclasının iclasının gündəliyində bununla bağlı məsələ yer alıb.
Belə ki, komitə iclasında Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında müzakirələr aparılacaq.
Xatırladaq ki, Hafiz İsmayılbəyli 2019-cu il oktyabrın 22-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
Məlumat üçün bildirək ki, “Hesablama Palatası haqqında” Qanuna əsasən, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir. Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilirlər. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir. Hesablama Palatasının üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.
Hafiz Mahir oğlu İsmayılbəyli 1992-ci il yanvarın 22-də Azərbaycanın Şərur rayonunda anadan olub. O, iqtisadçı və dövlət maliyyə nəzarəti sahəsində çalışan vəzifəli şəxsdir. Hazırda Azərbaycan Respublikası Hesablama Palatasının auditoru və Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışır.
Hafiz İsmayılbəyli 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə 2014-cü ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində mühasib kimi başlayıb. Sonrakı illərdə həmin idarədə mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb.
2016-2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində bank işi ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. 2018-2019-cu illərdə isə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi vəzifəsini tutub.
Hafiz İsmayılbəyli 2019-cu il oktyabrın 22-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
Hafiz İsmayılbəyli Hesablama Palatasında auditor kimi dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi və idarə olunması ilə bağlı audit və analitik fəaliyyətlərdə iştirak edir. Onun fəaliyyət istiqamətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası, dövlət qurumlarına ayrılan vəsaitlərin istifadəsi və maliyyə idarəetməsinin qanunvericiliyə uyğunluğu ilə bağlı məsələlərə baxılıb.
Hesablama Palatasının rəsmi materiallarında onun Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrasına dair qanun layihəsinin təhlili, eləcə də “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditinin nəticələri ilə bağlı hesabatlarda auditor kimi iştirakı qeyd olunub.
Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət hesabatında Hafiz İsmayılbəylinin fəaliyyəti ilə bağlı müsahibəyə də yer verilib. O, müsahibədə maliyyə nəzarəti tədbirlərinin nəticələrinin təsiri, auditlər zamanı rast gəlinən nöqsanlar və digər məsələlər barədə danışıb.
