KPMG - Banklar qarşılıqlı əlaqəli risklərin məcmu təsirini qiymətləndirməlidirlər

İqtisadiyyat Xəbər 19 Oktyabr 2026 20:51 (UTC +04:00)
KPMG - Banklar qarşılıqlı əlaqəli risklərin məcmu təsirini qiymətləndirməlidirlər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Banklar ayrı-ayrı riskləri qiymətləndirməklə kifayətlənməməli, müxtəlif təhdidlərin qarşılıqlı təsirini, necə artdığını və maliyyə təşkilatlarının ümumi dayanıqlılığına necə təsir etdiyini təhlil etməlidirlər.

KPMG-dən Trend-ə verilən məlumata görə, bu barədə "KPMG Poland" şirkətinin assosiativ tərəfdaşı və bank sektoru üzrə rəhbəri Mateuş Kuzela Bakıda keçirilən "ABB Risk Forum 2026"da “Yeni risklər: qeyri-sabitlik şəraitində risklərin idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərkən bildirib. Məruzə yeni risklərin bank sektoru qarşısında yaratdığı çağırışlara həsr olunub.

“Qeyri-sabitlik şəraitində dayanıqlılıq gələcəyi mükəmməl proqnozlaşdırmaq qabiliyyətində deyil, ən vacib məsələlərə — qərarların əsaslandırılmış şəkildə qəbul edilməsinə, maliyyə sabitliyinə və likvidliyin qorunmasına, əməliyyatların fasiləsizliyinə və müştərilərin etimadına nəzarəti itirmədən qeyri-müəyyənliyə tab gətirmək bacarığındadır.

Növbəti şok bir amillə deyil, müxtəlif risk kateqoriyalarının təsiri ilə şərtlənəcək. Qeyri-müəyyənlik müvəqqəti pozuntu deyil, bank mühitinin əsas xüsusiyyətidir. Dayanıqlılıq bank üçün tənzimləyici öhdəlik və ya biznesin aparılması xərci deyil, strateji imkandır”, – deyə o qeyd edib.

Şirkətin məlumatına görə, təqdimat zamanı vurğulanıb ki, risklərin səmərəli idarə edilməsi ayrı-ayrı təhdidlərin çərçivəsindən kənara çıxmağı, onlar arasındakı qarşılıqlı əlaqələri anlamağı, məcmu təsirlərini qiymətləndirməyi, habelə ssenari təhlili, stress-testlər və fəaliyyətin fasiləsizliyinin təmin edilməsi üzrə planlaşdırma vasitəsilə dayanıqlılığı gücləndirməyi tələb edir.

Qeyd olunub ki, təqdimatda texnoloji inkişafın və xarici şokların, xüsusilə süni intellekt, bulud xidmətləri və kritik rəqəmsal infrastruktur kimi sahələrdə, idarəetmə və nəzarət sistemlərinin inkişafını necə qabaqlaya biləcəyi də nəzərdən keçirilib.

Vurğulanıb ki, risklərin səmərəli idarə edilməsi məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsini, risklər barədə etibarlı məlumatların mövcudluğunu, insan nəzarətini və davamlı monitorinqi tələb edir. Üç müdafiə xətti arasında koordinasiya, eləcə də xarici maraqlı tərəflərlə əməkdaşlıq risklərə nəzarətə və potensial təhdidlərə hazırlığın artırılmasına kömək edir.

Şirkətin məlumatına əsasən, ənənəvi nəzarət mexanizmləri zəruri olaraq qalsa da, sürətlə dəyişən və qarşılıqlı əlaqəli risklərin qarşısını almaq üçün kifayət etmir.

“Qarşılıqlı əlaqəli təhdirlərin ssenari təhlili, likvidlik üzrə stress-testlər və fəaliyyətin fasiləsizliyinin təmin edilməsi üzrə təlimlər banklara potensial nəticələri qiymətləndirməyə, əlverişsiz hadisələrə hazırlaşmağa və kritik xidmətlərin fəaliyyətini davam etdirmək qabiliyyətini gücləndirməyə kömək edir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, “reTHINK RISK beyond the boundaries” (“Riskləri ənənəvi çərçivələrdən kənarda yenidən düşün”) şüarı altında keçirilən ABB Risk Forum 2026 maliyyə xidmətləri sektorunun 150-dən çox nümayəndəsini bir araya gətirib. İştirakçılar yeni riskləri, geosiyasi və makroiqtisadi tendensiyaları, tənzimləmə sahəsindəki dəyişiklikləri, süni intellekti, kibertəhdidləri və əməliyyat dayanıqlılığını müzakirə ediblər.

Tədbirdə KPMG-ni, həmçinin KPMG Poland şirkətinin assosiativ tərəfdaşı və risklər və maliyyə məsələləri üzrə konsaltinq istiqamətinin rəhbəri Tomaş Kolodzeyçik, KPMG-nin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə maliyyə xidmətləri bölməsinin direktoru Roman Lesnikov və KPMG Azerbaijan şirkətinin texnoloji konsaltinq istiqamətinin direktoru Anuar Nuraxmetov təmsil ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti