Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 20-dən noyabrın 20-dək ölkədə “Uşaq Hüquqları Aylığı” elan edib.
Bu barədə Ombudsmanın “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində bildirilib.
Məlumata görə, aylığın məqsədi uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ictimaiyyətin məlumatlılığını artırmaq və bu sahəyə diqqəti gücləndirməkdir.
S.Əliyeva qeyd edib ki, uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafı üçün əlverişli şəraitin yaradılması, onların təhlükəsizliyinin və rifahının təmin olunması, cəmiyyət həyatında fəal iştirakına dəstək verilməsi, eləcə də bütün uşaqlar üçün bərabər imkanların formalaşdırılması dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.
Bildirilib ki, 1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən “Uşaq hüquqları haqqında” Konvensiya uşaqların müstəqil hüquq subyektləri kimi tanınmasına əsaslanan beynəlxalq hüquqi çərçivəni müəyyənləşdirib. Azərbaycanın da iştirakçısı olduğu bu sənəd uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur.
Müraciətdə vurğulanıb ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə kompleks islahatlar həyata keçirilir, qanunvericilik və müdafiə mexanizmləri təkmilləşdirilir, keyfiyyətli xidmətlərə çıxış imkanları genişləndirilir və uşaqların layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilir.
Ombudsman cari ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər əlaqəli normativ hüquqi aktların qəbul edilməsinin, eləcə də uşaqların sosial şəbəkə platformalarından istifadəsinə məhdudiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu addımlar uşaq hüquqlarının qorunması sahəsində hüquqi tənzimləmənin müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilməsinə xidmət edir.
S.Əliyeva 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin uşaqların təhlükəsiz, sağlam, əlçatan və inklüziv mühitdə yaşamaq hüququnun təmin olunması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Müraciətdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də uşaqlar üçün zəruri infrastruktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.
Ombudsman müasir dövrdə qloballaşma və rəqəmsal inkişafın yeni ictimai münasibətlər formalaşdırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu proseslər uşaq hüquqları sahəsində siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini, eləcə də cəmiyyətdə hüquqi maarifləndirmənin yeni çağırışlara uyğun genişləndirilməsini zəruri edir.
S.Əliyeva uşaq hüquqlarının müdafiəsi və təşviqinin Ombudsmanın fəaliyyətində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilərkən aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir.
Müraciətdə xatırladılıb ki, hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr–20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan olunur.
Ombudsman aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları təşəbbüsə qoşulmağa çağırıb. O, aylıq çərçivəsində uşaqların iştirakı təmin edilməklə uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
“Hesab edirəm ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacaqdır”, – deyə S.Əliyeva müraciətində bildirib.
