Bakı. Trend:
Azərbaycan 2025-ci ildə istixana qazı emissiyalarını əvvəlki illə müqayisədə azaldıb.
Avropa Komissiyasının Qlobal Atmosfer Tədqiqatları üzrə Emissiyalar Məlumat Bazası (EDGAR) tərəfindən hazırlanmış 2026-cı il hesabatına əsasən, ölkənin ümumi emissiyaları 2024-cü ildəki 58,52 milyon tondan 2025-ci ildə 57,72 milyon ton CO₂ ekvivalentinə düşüb. Beləliklə, azalma 0,8 milyon ton və ya təxminən 1,4 faiz təşkil edib.
Hesabatda Azərbaycanın dünya üzrə ümumi istixana qazı emissiyalarındakı payı 0,11 faiz göstərilir və 2024-cü illə müqayisədə azalıb. Bu nəticə qlobal emissiyaların 2025-ci ildə 0,7 faiz artaraq 54,15 milyard tona çatdığı bir şəraitdə qeydə alınıb.
Azərbaycan region ölkələri ilə müqayisədə EDGAR-ın 2026-cı il hesabatında 2025-ci il üzrə göstərilən ümumi istixana qazı emissiyalarının həcmi belədir:
Rusiya: 2,57 milyard ton – dünya emissiyalarının 4,75 faizi;
İran: 1,12 milyard ton – 2,07 faiz;
Türkiyə: 610,78 milyon ton – 1,13 faiz;
Azərbaycan: 57,72 milyon ton – 0,11 faiz;
Hesabata görə, 2025-ci ildə ən böyük istixana qazı emissiyası Çində qeydə alınıb. Ölkənin emissiyaları 15,98 milyard ton CO₂ ekvivalenti və ya dünya üzrə ümumi həcmin 29,51 faizi olub.
ABŞ 6,02 milyard tonla dünya emissiyalarının 11,11 faizini, Hindistan isə 4,51 milyard tonla 8,33 faizini təşkil edib.
Beləliklə, qlobal göstəricilərin yüksəldiyi dövrdə Azərbaycanın 2025-ci ildə emissiyalarını azaltması ölkəmizin könüllü üzərinə götürdüyü ekoloji öhdəliklərə sadiqliyinin daha bir nümunəsidir.