Bakı.Trend:
Süni intellekt sistemlərinin tətbiqi informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxarır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə axşamı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-leytenant Allahverən İsmayılov Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, süni intellekt vasitəsilə daha inandırıcı fişinq hücumlarının hazırlanması, sosial mühəndislik üsullarının təkmilləşdirilməsi, səs və görüntülərin saxtalaşdırılması, dezinformasiyanın yayılması və mövcud kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsi bu çağırışların yalnız bir hissəsidir.
“Digər tərəfdən, ictimaiyyət üçün açıq süni intellekt alətlərindən nəzarətsiz istifadə, həssas məlumatların xarici platformalara ötürülməsi, bulud xidmətlərindən və üçüncü tərəf təchizatçılarından asılılıq, eləcə də süni intellekt sistemlərinin məlumatları necə toplaması, emal etməsi və saxlaması ilə bağlı qeyri-müəyyənliklər əlavə risklər yaradır.
Bu reallıq bizə mühüm bir məqamı xatırladır: süni intellektin tətbiqi informasiya təhlükəsizliyindən kənarda qəbul edilə biləcək ayrıca bir texnoloji qərar deyil. Bu, təşkilatın idarəetmə modelinə, risklərin qiymətləndirilməsinə, məlumatların mühafizəsinə birbaşa təsir göstərən strateji məsələdir.
Məhz buna görə informasiya təhlükəsizliyi üzrə rəhbərlərin rolu getdikcə daha da əhəmiyyətli olur. Onların vəzifəsi yalnız mövcud sistemləri qorumaq deyil, həm də yeni texnologiyaların tətbiqindən irəli gələn riskləri əvvəlcədən görmək, düzgün qərarların qəbuluna töhfə vermək və təhlükəsiz innovasiya üçün zəruri şərtləri formalaşdırmaqdır”,- deyə o əlavə edib.
A.İsmayılov vurğulayıb ki, Azərbaycan Respublikasında süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi və bu sahədə müvafiq idarəetmə mexanizmlərinin formalaşdırılması mühüm prioritetlər sırasındadır.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası bu istiqamətdə fəaliyyət üçün mühüm çərçivə yaradır. Qarşıda duran vəzifə süni intellektin potensialından səmərəli istifadə etməklə yanaşı, onun tətbiqinin etibarlılığını, təhlükəsizliyini və məsuliyyətli idarə olunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan, dövlət qurumlarında süni intellektlə əlaqəli risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”,- deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir.
Tədbirin əsas məqsədi dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsini təşviq etmək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də müasir texnoloji çağırışlar və süni intellektin tətbiqi ilə bağlı aktual məsələləri müzakirə etməkdir.
Zirvə Toplantısı çərçivəsində süni intellektin dövlət idarəçiliyində və rəqəmsal infrastrukturlarda tətbiqi, yaratdığı imkanlar, yeni kibertəhlükələr, etibarlı, təhlükəsiz rəqəmsal dövlət prinsiplərinin tətbiqi, məlumatların idarə olunması, həmçininin iformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması məsələləri müzakirə ediləcək.
