Azərbaycanda yaşıl enerjinin inkişafı Xəzər regionunun Avropa ilə əlaqələrini möhkəmləndirəcək – Koreya səfiri

İqtisadiyyat Xəbər 20 Oktyabr 2026 11:23 (UTC +04:00)
Azərbaycanda yaşıl enerjinin inkişafı Xəzər regionunun Avropa ilə əlaqələrini möhkəmləndirəcək – Koreya səfiri
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda bərpaolunan enerjinin inkişafı və Xəzər regionu ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi regional əməkdaşlıq və dayanıqlı inkişaf üçün yeni imkanlar aça bilər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu Bakıda keçirilən “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Koreya Cənubi Qafqazda baş verən hadisələri xüsusi maraqla izləyir. Çünki Koreya və Azərbaycan geosiyasi mövqeləri baxımından oxşarlıqlara malikdir və hər iki ölkə mürəkkəb regional dinamika ilə bağlı problemlərlə üzləşir.

2025-ci ilin avqustunda Azərbaycan və Ermənistanın sülh sazişini parafladığını xatırladan səfir bunun regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım olduğunu bildirib.

“Bundan sonra müsbət dəyişikliklər müşahidə olunur, sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı istiqamətində səylər davam etdirilir. Bu dəyişikliklər regional əlaqəliliyin inkişafı üçün yeni imkanlar yarada və Orta Dəhlizə diqqəti artıra bilər”, – deyə o bildirib.

Diplomat vurğulayıb ki, Orta Dəhliz təkcə ticarət və logistikanı deyil, həm də enerji və rəqəmsal infrastrukturu əhatə edən geniş əlaqələr şəbəkəsinə çevrilir.

“Bu kontekstdə Azərbaycanın bərpaolunan enerjiyə artan diqqəti xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi enerji sahəsindəki təcrübəsinə əsaslanan Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı və Xəzər regionu ilə Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirir”, – deyə səfir qeyd edib.

Kan Kimqu Dünya Bankının 2026-cı ilin sentyabrında dərc etdiyi hesabata da istinad edib. Həmin hesabata əsasən, Orta Dəhlizə strateji investisiyalar 2040-cı ilədək ticarət həcmini üç dəfədən çox artıra, səfər müddətini isə iki dəfə azalda bilər. Onun sözlərinə görə, hesabatda dəhlizin iqtisadi artım və regional inteqrasiya potensialı da vurğulanır.

“Geosiyasi qeyri-müəyyənlik fonunda qlobal təchizat zəncirlərinin dəyişdiyi bir şəraitdə etibarlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin əhəmiyyəti getdikcə artır. Orta Dəhliz Cənubi Qafqaz, Mərkəzi Asiya və Şimal-Şərqi Asiya ölkələri, o cümlədən Koreya arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır.

İqtisadi inkişafı beynəlxalq ticarət və qlobal əlaqəliliklə sıx bağlı olan Koreya üçün bu imkanlar xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Sonda səfir konfransın Koreya ilə Azərbaycan arasında akademik mübadilənin inkişafında növbəti əhəmiyyətli addım olacağına və iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti