Bakı. Trend:
Hərbçilərin xidmət yerindən özbaşına getməsi, üzrlü səbəblər olmadan vaxtında gəlməməsinə görə 500 manatadək yeni cərimələr tətbiq ediləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 1 gündən artıq, lakin 10 gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Mövcud qanunvericiliyə görə, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 3 gündən artıq, lakin 10 gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunur.
Yuxarıda nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
