Bakı. Trend:
Azərbaycanda “Elektron ticarət haqqında” qanuna təklif olunan dəyişikliklər elektron ticarətin tətbiq dairəsinin genişləndirilməsini, müasir rəqəmsal ödəniş üsullarının qanunvericilikdə əks olunmasını, ödəniş terminallarına dair anlayışın yenilənməsini və elektron ticarət zamanı məlumatların elektron sənəd formasında təqdim edilməsini nəzərdə tutur.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dəyişikliklər 2005-ci ildə qəbul edilmiş “Elektron ticarət haqqında” qanunun anlayış, prinsip və ödənişlərə dair bir sıra müddəalarının müasir rəqəmsal ödəniş təcrübəsinə, eləcə də vergi və ödəniş sahələrində qüvvədə olan qanunvericiliyə uyğunlaşdırılmasını nəzərdə tutur.
K.Əhmədovun sözlərinə görə, ilk dəyişiklik qanunun tətbiq dairəsi ilə bağlıdır və preambulaya, 2.1-ci və 4.1-ci maddələrə aiddir. Təklifə əsasən, qanunun müvafiq müddəalarından “Azərbaycan Respublikasında” sözləri çıxarılır.
O qeyd edib ki, hazırkı redaksiyaya əsasən, qanun yalnız Azərbaycan Respublikası ərazisində həyata keçirilən elektron ticarətə şamil olunur. Lakin elektron ticarət zamanı alıcı və satıcı çox vaxt müxtəlif ölkələrdə yerləşdiyindən qanunun tətbiq dairəsinin bu xüsusiyyət nəzərə alınmaqla genişləndirilməsi təklif edilir.
“Bu dəyişiklik Azərbaycan qanununun Azərbaycanda olan istehlakçılara və ya Azərbaycanda olan satıcılara, o cümlədən transsərhəd formatında elektron ticarət həyata keçirən tərəflərə tətbiqi imkanını yaradır”, – deyə o bildirib.
İkinci istiqamət ödəniş terminalı anlayışının müasirləşdirilməsi ilə bağlıdır. K.Əhmədovun sözlərinə görə, hazırda “Elektron ticarət haqqında” qanunda bu anlayış yalnız ödəniş kartları ilə əməliyyatların aparılması və nağd pul çıxarılması üçün nəzərdə tutulan avadanlıq kimi müəyyən edilir.
Bununla belə, vergi qanunvericiliyində və Nazirlər Kabinetinin müvafiq qərarında artıq müasir tələblərə uyğun ödəniş terminalı anlayışı mövcuddur. Təklif olunan dəyişikliklə qanundakı anlayışın faktiki vəziyyətə və müasir təcrübəyə uyğunlaşdırılması, kart ödənişləri ilə yanaşı, bütün nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin əhatə edilməsi nəzərdə tutulur.
Bundan əlavə, yalnız xüsusi avadanlıqların deyil, zəruri proqram təminatına malik mobil telefonların və digər son avadanlıqların da ödəniş terminalı hesab edilməsi təklif olunur. Bu dəyişiklik qüvvədə olan qanunvericilik aktları arasındakı ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.
K.Əhmədov bildirib ki, növbəti dəyişiklik texnoloji neytrallıq prinsipinin qanuna həm anlayış, həm də prinsip kimi daxil edilməsidir. Texnoloji neytrallıq normativ hüquqi aktlarda hər hansı texnologiyaya üstünlük verilməməsini, onun tətbiqinə məhdudiyyət qoyulmamasını və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsini nəzərdə tutur.
O vurğulayıb ki, elektron ticarət sahəsində texnologiyalar davamlı inkişaf etdiyindən qanunvericiliyin konkret texnoloji həllərlə məhdudlaşmaması vacibdir. Bu baxımdan dəyişiklik QR-kod vasitəsilə ödəniş, mobil cüzdanlardan istifadə və gələcəkdə meydana çıxacaq yeni ödəniş texnologiyalarının da qanun çərçivəsində tanınmasına şərait yaradacaq.
Digər dəyişiklik elektron ticarət zamanı alıcıya ödəniş üsulları barədə verilən məlumatlarla bağlıdır. Hazırkı qanunvericiliyə əsasən, ödənişin ödəniş terminalı, internet şəbəkəsi və ya elektron pul kisəsi vasitəsilə aparılması barədə məlumat təqdim edilməlidir.
Təklif olunan yeni redaksiyada isə ödəniş üsulları barədə məlumatın ümumilikdə təqdim edilməsi nəzərdə tutulur. Bu, ödəniş terminalları, elektron pul kisələri və digər vasitələr haqqında məlumatları da əhatə edəcək, yəni məlumatın verilməsi qüvvədə olan redaksiyada sadalanan üç halla məhdudlaşdırılmayacaq.
K.Əhmədovun sözlərinə görə, bu dəyişiklik alıcının ödənişi hansı üsullarla həyata keçirə biləcəyi barədə əvvəlcədən məlumatlandırılmasını təmin edəcək.
Layihədə, həmçinin qanunda nəzərdə tutulmayan digər anlayışların müvafiq normativ hüquqi aktlarla müəyyən edilməsi ilə bağlı müddəanın əlavə olunması təklif edilir. O bildirib ki, elektron pul kisəsi və digər anlayışlar artıq 2023-cü ildə qəbul edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunla tənzimlənir.
Bu səbəbdən həmin anlayışların “Elektron ticarət haqqında” qanunda yenidən müəyyənləşdirilməsinə ehtiyac yoxdur.
Növbəti dəyişiklik elektron ticarət zamanı nağdsız ödənişlərin həyata keçirilməsi mexanizmini əhatə edir. K.Əhmədov qeyd edib ki, hazırda qüvvədə olan redaksiyaya əsasən, satıcı internet vasitəsilə ödəniş imkanı təqdim edən ödəniş proqramı təminatçısı ilə müqavilə bağlamalıdır. Lakin həmin təminatçının nə olduğu və bu anlayışın hansı məna daşıdığı qüvvədə olan qanunvericilikdə açıqlanmır.
Onun sözlərinə görə, 2023-cü ildə qəbul edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun müddəaları nəzərə alınmaqla, elektron ticarətdə nağdsız ödənişlərin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Bu kateqoriyaya Mərkəzi Bank, banklar, bank olmayan kredit təşkilatları, milli poçt operatoru, ödəniş təşkilatları və elektron pul təşkilatları daxildir. Qeyd olunan subyektlərin anlayışları və fəaliyyətinin tənzimlənməsi “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunla müəyyən edilir.
K.Əhmədov xüsusi olaraq vurğulayıb ki, bu norma yalnız nağdsız ödənişlərə aiddir. Çatdırılma zamanı nağd ödənişlərin həyata keçirilməsinə dair qanunda hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Layihənin sonuncu istiqaməti müqavilə bağlanmazdan əvvəl təqdim olunan məlumatların təsdiqi ilə bağlıdır. Hazırda qüvvədə olan qanuna əsasən, satıcı sifarişdən əvvəl alıcıya təqdim etdiyi məlumatları təsdiqləmə formasında çatdırmalı və bunu yazılı şəkildə həyata keçirməlidir.
Təklif olunan dəyişikliklə həmin məlumatların alıcıya elektron sənəd formasında çatdırılması nəzərdə tutulur. K.Əhmədov bildirib ki, elektron ticarət müqaviləsinin özü də elektron sənəd formasında bağlandığından prosesin bütün mərhələlərinin elektron sənəd formasında həyata keçirilməsi məqsədəuyğundur.
O əlavə edib ki, qüvvədə olan qanunun mətnində məlumatların yazılı şəkildə təqdim edilməsinin tələb olunması həm qanunun özünün digər müddəaları, həm də “Elektron imza və elektron sənəd haqqında” qanunun yazılı forma tələbləri ilə müəyyən uyğunsuzluq yaradır.
Belə ki, “Elektron imza və elektron sənəd haqqında” qanunda yazılı forma tələbi gücləndirilmiş elektron imza ilə əlaqələndirilir. Bu baxımdan, məlumatların elektron sənəd formasında təqdim edilməsinin nəzərdə tutulması qanunun daxili müddəaları arasında, eləcə də onun “Elektron imza və elektron sənəd haqqında” qanunla uyğunluğunun təmin edilməsinə xidmət edir.
Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin rəisi Çingiz Musayev isə bildirib ki, rəqəmsal iqtisadiyyat durmadan inkişaf edir, süni intellekt və digər texnoloji vasitələrin tətbiqi ilə əlaqədar ödəniş sistemlərində yeni məsələlər meydana çıxır.
Ç.Musayev qeyd edib ki, müzakirə olunan dəyişikliklər arasında “Azərbaycan Respublikasında” sözlərinin qanunun müvafiq müddəalarından çıxarılması da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qeyd olunan qanun kartdan-karta ödəniş məsələlərini əhatə etməsə də, elektron ticarətə dair qanunun tətbiq dairəsinin qlobal səviyyədə genişləndirilməsi qeyri-rezident şəxslərlə bağlı məlumatların əldə edilməsi üçün hüquqi əsas yaradır.
“Bu qanun bizə digər qeyri-rezidentlərdən məlumatların əldə edilməsi üçün əsas verir”, – deyə o bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə müvafiq müddəa əlavə olunub və qeyri-rezident elektron ticarət iştirakçılarının vergi uçotuna alınması nəzərdə tutulub. Onun sözlərinə görə, bu tələb 2026-cı ilin sentyabrından qüvvəyə minib.
Ç.Musayevin sözlərinə görə, həmin vaxta qədər qeyri-rezident elektron ticarət iştirakçıları yalnız ƏDV məqsədləri üçün qeydiyyata alınırdı. 2026-cı ilin sentyabrından isə onların məcburi qeydiyyata alınması tətbiq edilir.
O bildirib ki, qeyri-rezident elektron ticarət iştirakçılarının sayı əvvəl 7 olduğu halda, hazırda 23-ə çatıb.
Ç.Musayev vurğulayıb ki, təklif olunan dəyişikliklər bu artıma birbaşa təsir göstərməsə də, qlobal səviyyədə elektron ticarət iştirakçılarına dair tənzimləmələrin əhatəsini genişləndirməyə imkan verəcək.
“Bu, həm xidmətlər, həm də mallar üzrə elektron ticarət iştirakçılarının qlobal səviyyədə əhatə olunmasına imkan yaradacaq”, – deyə o qeyd edib.
