Bakı.Trend:
Çoxsaylı həllini tapmamış böhranlar səbəbindən dünya artıq bəlkədə Üçüncü Dünya müharibəsinin ilk ilini yaşayır.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
“Bu gün Üçüncü Dünya müharibəsinin ilk ilində olmağımız mümkündürmü? Bəli, əgər bu müxtəlif böhranları nizama sala bilməsək”, – deyə o bildirib.
Əl-Ənsari qeyd edib ki, hazırda “beynəlxalq sülh və təhlükəsizlik sahəsində əsl böhran” yaşanır. Onun sözlərinə görə, son on ildə dünyada heç bir hərtərəfli sülh sazişi imzalanmayıb.
Yaxın Şərqdəki vəziyyətdən danışan Qətər XİN-in nümayəndəsi hazırkı gərginliyin onilliklər ərzində davam edən, “dondurulmuş və tam həllini tapmamış münaqişələrin” nəticəsi olduğunu vurğulayıb.
Əl-Ənsari bildirib ki, hazırda Fars körfəzi dövlətləri regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirirlər.
