Maliyyə Monitorinqi Xidmətində süni intellekt test rejimində tətbiq olunur

İqtisadiyyat Xəbər 20 Oktyabr 2026 13:21 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidmətində süni intellekt test rejimində tətbiq olunur
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Monitorinqi Xidmətində süni intellekt texnologiyaları test rejimində tətbiq olunur. Hazırda sistemin analitik imkanları yoxlanılır və onun nəticələri ənənəvi təhlillərlə müqayisə edilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini Azər Abbasov çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.

O bildirib ki, süni intellektin tətbiqi yeni imkanlar yaratmaqla yanaşı, məlumatların təhlükəsizliyi, keyfiyyəti və sistemin düzgün öyrədilməsi ilə bağlı bir sıra məsələləri də gündəmə gətirir.

Azər Abbasovun sözlərinə görə, müvafiq fərman əsasında yaradılmış sistemlər və mövcud məlumat bazaları maliyyə monitorinqi sahəsində süni intellektin tətbiqi üçün mühüm əsas təşkil edir. Bu texnologiya təxminən bir-iki müddətdir sınaqdan keçirilir.

“Süni intellekt öz-özlüyündə yeni bir məfhumdur və sürətlə yenilənir. O, mövcud məlumatlar əsasında təhlil aparır və məntiqi nəticələr çıxarır. Burada əsas məsələ məlumatların düzgün təhlil edilməsi və əldə olunan nəticələrin etibarlılığıdır”, - deyə o qeyd edib.

Sədr müavini vurğulayıb ki, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətində məlumatların qorunması xüsusi əhəmiyyət daşıyır. Belə ki, məlumat bazalarında fərdi məlumatlarla yanaşı, vergi, bank və kommersiya sirri hesab edilən, eləcə də digər həssas məlumatlar saxlanılır.

Onun sözlərinə görə, beynəlxalq komplayens tələbləri bu məlumatların saxlanılması və emalı ilə bağlı ciddi məhdudiyyətlər müəyyən edir. Buna görə də serverlərin yerləşdirilməsi və məlumatların təhlükəsizliyinin təmin olunması məsələlərinə xüsusi diqqət yetirilir.

Azər Abbasov bildirib ki, maliyyə monitorinqi sahəsində öhdəlik daşıyan şəxslər şübhəli hesab etdikləri əməliyyatlar barədə müvafiq məlumatları xidmətə təqdim edirlər. Lakin yalnız bu məlumatların təhlili əsasında süni intellektin bütün imkanlarından səmərəli istifadə etmək mümkün deyil.

“Əgər məlumatlar yalnız öhdəlik daşıyan şəxsin təqdim etdiyi informasiyadan ibarətdirsə və əlavə məlumat bazaları mövcud deyilsə, süni intellekt vasitəsilə həmin məlumatları zənginləşdirmək imkanları məhdud olacaq”, - deyə o bildirib.

Sədr müavini qeyd edib ki, Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartları çərçivəsində məqsəd yalnız şübhəli əməliyyatların aşkarlanması ilə məhdudlaşmır. Eyni zamanda, müvafiq hesabatların düzgün təqdim olunması, rutin hesabatlılıq proseslərinin təkmilləşdirilməsi və əsaslı şübhə olmadığı hallarda məlumatların əsassız şəkildə təqdim edilməsinin qarşısının alınması da vacibdir.

O vurğulayıb ki, süni intellektin effektiv fəaliyyəti iki əsas amildən asılıdır: analitik imkanların səviyyəsi və istifadə olunan məlumatların keyfiyyəti.

Azər Abbasovun sözlərinə görə, hazırda xidmətin lokal serverində işləyən süni intellekt sistemi mövcuddur. Ənənəvi analitik təhlillərlə paralel olaraq eyni məlumatlar süni intellekt vasitəsilə də təhlil edilir və nəticələr müqayisə olunur.

O bildirib ki, sistemin daha yüksək səviyyəyə çatdırılması üçün müvafiq davranış modelləri formalaşdırılmalı və süni intellekt davamlı şəkildə öyrədilməlidir. Sistem internetə qoşulmadığı üçün onun təkmilləşdirilməsi əsasən xidmətin əməkdaşları tərəfindən həyata keçirilməlidir.

“Süni intellektin imkanlarından səmərəli istifadə etmək üçün onu öyrətmək, davranış modellərini formalaşdırmaq və nəticələrini davamlı qiymətləndirmək lazımdır. Eyni zamanda, bu prosesdə mühafizəkar yanaşma qorunmalı, yeni texnologiyaların tətbiqi ilə bağlı yarana biləcək risklər nəzərə alınmalıdır”, - deyə Azər Abbasov əlavə edib.

Onun sözlərinə görə, maliyyə monitorinqi sahəsində süni intellektin tətbiqi zamanı texnoloji yeniliklərlə yanaşı, məlumatların məxfiliyinin qorunması, nəticələrin etibarlılığı və risklərin idarə olunması da əsas prioritetlər olaraq qalmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti