Zəngilan. Trend:
Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində silsilə tədbirlərlə qeyd olunur.
Trend-in Qarabağ bürosu xəbər verir ki, tədbirlər çərçivəsində Zəngilan Konqres Mərkəzində “Zəngilan Plov Festivalı”nın açılışı keçirilib. Festival iştirakçıları peşəkar aşpazların hazırladıqları bölgəyə məxsus ənənəvi plov çeşidlərinin dadına baxıblar.
Bununla yanaşı, qurama və həsir toxuma sənətinə dair təqdimatlar təşkil olunub. Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilanın tarixini, təbiətini və müasir simasını əks etdirən “Zəngilan – zamanın qanadlarında” adlı fotosərgi nümayiş etdirilib.
Uşaqlar üçün face-art, rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunub, həmçinin rəssamlıq üzrə ustad dərsləri keçirilib. Balaca sakinlər XX Uşaq Teatrının təqdim etdiyi tamaşanı izləyiblər.
Silsilə tədbirlər çərçivəsində Zəngilan Konqres Mərkəzinin səhnəsində daha bir bayram konserti təqdim olunacaq. Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcəklər.
