Bakı. Trend:
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndiriləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsi İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsini təklif edir.
Belə ki, hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir.
Təklif olunan qanun layihəsi isə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən müvafiq müddəanın əlavə edilməsi də təklif edilir.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarların (qərardadların), habelə protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndəriləcək. Hərbi prokuror həmin sənədlərin yoxlanılması ilə əlaqədar qanuni əsaslar olduqda yazılı göstəriş verəcək.
Yuxarıdakı abzasda nəzərdə tutulan səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərardadının və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qanuniliyini və əsaslılığını həmin sənədlər daxil olduğu vaxtdan 30 gün müddətində yoxlayacaq. Həmin qərardadın və ya qərarın qanunsuz və ya əsassız olduğunu müəyyən etdikdə onu ləğv edərək müvafiq qərar (qərardad) qəbul edəcək və ya protokol tərtib edəcək, yaxud inzibati xəta haqqında məlumata yenidən baxılması üçün icraat materiallarını səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərəcək.
Yuxarıdakı abzasda nəzərdə tutulmuş yoxlama ilə əlaqədar müvafiq qərarı və ya qərardadı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materialları tələb edildikdə həmin materiallar bir gün ərzində hərbi prokurora təqdim edilməlidir.
Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə və yuxarıda nəzərdə tutulmuş səlahiyyətli vəzifəli şəxs tərəfindən başlanmış inzibati xətalar haqqında işlərə baxılmasının yeri və vaxtı prokurora bildiriləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.
