Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 570,6 milyon manat vəsait daxil olub.
Trend-in hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründə qeydə alınan 6 milyard 183,9 milyon manatla müqayisədə 386,7 milyon manat və ya 6,3% çoxdur.
Hesabat dövründə “Şahdəniz” yatağından (qaz və kondensat) ARDNF-yə 565,1 milyon manat daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 697 milyon manat təşkil edib. Beləliklə, yataqdan daxilolmalar illik müqayisədə 131,9 milyon manat və ya 18,9% azalıb.
Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında ARDNF-nin neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 740,6 milyon manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınan 7 milyard 837,7 milyon manatla müqayisədə 902,9 milyon manat və ya 11,5% çoxdur.
Hesabat dövründə mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər 7 milyard 343,9 milyon manat olub. Ötən ilin eyni dövründə bu mənbədən 7 milyard 68,8 milyon manat gəlir əldə edilib. Beləliklə, daxilolmalar 275,1 milyon manat və ya 3,9% artıb.
Bonus ödənişləri və tranzit gəlirləri 2025-ci ilin yanvar-sentyabr aylarında 765,3 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 900 min manat təşkil edib. Akrhesabı ödənişlər isə 3,6 milyon manatdan 4,9 milyon manata yüksəlib.
Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın satışından ARDNF-yə 1 milyard 390,9 milyon manat daxil olub.
Qeyd edək ki, 2026-cı ilin ilk doqquz ayında ARDNF-nin ümumi gəlirləri 12 milyard 341,3 milyon manat, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri hesabat dövründə 9 milyard 681,2 milyon manat olub.
