Bakı.Trend:
Komaya düşməsi ilə bağlı şayiələrin yayılması fonunda Şimali Koreya lideri Kim Çen In həyat yoldaşı və qızı ilə birlikdə geyim və ayaqqabı sərgisini ziyarət edib. O, yüngül sənaye sahəsində “sürətli və əhəmiyyətli” irəliləyişin əldə olunduğunu bildirib.
Bu barədə "Yonhap" agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat yayıb.
Qeyd olunub ki, sərgidə nümayiş etdirilən məhsullar regional inkişaf siyasətinin nəticələrini əks etdirir.
Şimali Koreya lideri bildirib ki, sərgidə təqdim olunan məhsullar “mərkəzi və regional ərazilər arasındakı fərqlərin aradan qaldırılmasına, eləcə də ölkənin hərtərəfli tarazlı inkişafına yönəlmiş siyasətin düzgünlüyünü əyani şəkildə təsdiqləyir”.
Bir neçə il əvvəl Şimali Koreya hakimiyyəti regionların inkişafı siyasətini həyata keçirməyə başlayıb. Bu siyasət çərçivəsində bölgələrdə müasir müəssisələrin tikintisi də nəzərdə tutulur.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı şayiələr oktyabrın 18–19-da sosial şəbəkələrdə yayılıb. İddialara görə, o, beyninə qan sızması nəticəsində komaya düşüb və Pekində xəstəxanaya yerləşdirilib. Lakin bu məlumatları təsdiqləyən heç bir sübut təqdim olunmayıb, Cənubi Koreyanın diplomatik və təhlükəsizlik rəsmiləri də iddiaları təsdiqləyən məlumatlarının olmadığını bildiriblər.
